Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB

Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb - YENİLƏNİB
# 05 mart 2019 21:54 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın məlumatına görə, Elmar Məmmədyarovla Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

Elmar Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək, bu xüsusda üzv ölkələrin ərazisində mövcud olan və həlli uzadılmış münaqişələrin bu təhlükəsizliyə ciddi hədə olduğunu vurğulayıb. Nazir fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğuladı. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu söyləyən nazir işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söyləyib.

Öz növbəsində, Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu qeyd edib. Bu xüsusda, fəaliyyətdə olan sədr səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.

Tərəflər daha sonra Azərbaycan-ATƏT əməkdaşlığı gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd edib. O, slovakiyalı həmkarına "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barəsində məlumat verib.

ATƏT-in ikinci ölçüsü üzrə əməkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda, ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd edib.

Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiya baş nazirinin ölkəmizə həyata keçirdiyi son səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib.

Görüş, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

***

13.06

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başlayıb.

ONA-nın məlumatına görə, görüşdən sonra tərəflər mətbuata bəyanatla çıxış edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR