"Beynəlxalq Bank işi": Xadimənin adına 250 min manat kredit götürülüb - YENİLƏNİB

"Beynəlxalq Bank işi": Xadimənin adına 250 min manat kredit götürülüb

 - YENİLƏNİB
# 04 mart 2019 16:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "İntertekstil" şirkətində xadimə işləyən Gülputa İspərova ifadə verib.

Şahid qeyd edib ki, şirkətin rəhbər şəxsi olan İlham Ağaverdiyev işçilərdən Beynəlxalq Banka sənədlərə qol çəkməsini istəyib: "Biz avtobusla Bakıya gəlib, sənədlərə qol çəkdik. Sonra oğluma toy edəndə banka müraciət etdim. Dedilər ki, adıma 250 min manat kredit var".

Məhkəmədə elan olunub ki, G. İspərovanın adına Beynəlxalq Bankdan 200 min dollar kredit ayrılıb, hazırda 90 min manat faiz borc qalıb.

Daha sonra "İntertekstil" şirkətidə usta işləmiş Etibar Babayev dindirilib. O qeyd edib ki, İlham Ağaverdiyevin istəyi ilə banka aparılıb, sənədə qol çəkib: "Özümə kredit götürmək istəyəndə adıma 200 min dollar kedit ayrıldığını öyrəndim. Təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu tanıyıram".

Sonra təqsirləndirilən Mahir Qafarov səhhətində problem olduğunu, məhkəmədə ifadə verə bilməyəcəyini deyib. O, gözündən əməliyyat olunacağını qeyd edib.

Buna görə məhkəmə iclası martın 11-dək təxirə salınıb.

***

13.29

Bu gün Bakı Ağır Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2008-2011-ci illər arasında Beynəlxalq Bankın Kartlar Departamentinin rəhbəri, Kredit Komtəsinin üzvü olmuş Gündüz Məmmədov ifadə verib. G. Məmmədov bildirib ki, müəyyən layihələrə qol çəkib: "Bankın Kredit Komitəsi kreditlərin verilməsinə nəzarət edən qurum olub. Dəqiq xatırlamıram həmin kreditlərin limitinin nə qədər olduğunu, təxminən 100 min manatlıq kreditlər idi. Kredit Komitəsinin o vaxtki rəhbər vəzifəsində Akif Əliyev işləyirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədləri banka təqdim edirdi və girov qoyurdu. Kredit Komitəsi də onları araşdırıb, sonra qərar verirdi".

Digər şahid, bankın Aktivlər və Passivlər Deportamentinin üzvü olan Aydın Səlimov isə deyib ki, veksellərin əməliyatları zamanı sənədlərə imza atmayıb: "Çox vaxt iclaslarda iştirak etmirdim. Heç vaxt veksellərin əməliyyatları zamanı məruzə edilməyib, sənədlərdə də imzam yoxdur".

Şahid Həsən Həsənzadə qeyd edib ki, Beynəlxalq Bankın Aktivlər və Passivlər Deportamentinin katibi vəzifəsində çalışıb. Ötən il işdən ayrıldığını bildirən şahid qeyd edib ki, Aktivlər və Passivlər Deportamenti formal qurum olaraq işləyib: "Elə hallar olurdu ki, iclaslarda iştirak etmirdim. Elə hallar da olurdu ki, iclaslar keçirilmirdi, lakin veksellərlə bağlı protokollar tərtib edilirdi, bankın sədri Cahangir Hacıyev də imza qoyurdu. Cahangir Hacıyev göstəriş veridi ki, Xəzinadar Deportamentindən təqdim edilən sənədləri siyahıya daxil edim. Mən də onun dediklərini edirdim".

"İntertekstil" şirkətinin sabiq rəhbəri Şakir Musayev isə deyib ki, D. Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalaq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: "Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri banka göndərsin, sənədlərə imza atasınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kredit götürülüb, həmin kreditlər də artıq ödənilib".

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR