Bank Of Baku

ADPU-nun 100 illik yubileyi qeyd olunub - FOTO

ADPU-nun 100 illik yubileyi qeyd olunub  - FOTO
# 17 dekabr 2021 13:08 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə bir çox dövlət, hökumət və təhsil nümayəndələri iştirak edib. ADPU-nun rektoru Cəfər Cəfərov universitetin yubileyinin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzaladığına görə ölkə Prezidentinə təşəkkür edib: "Müxtəlif təhsil müəssisələrində, şəhər və rayonlarda konfranslar keçirilib, ADPU-nun, filial, fakültə və kafedralarının tarixinə və bu gününə dair çoxsaylı kitablar nəşr edilib, sənədli film hazırlanıb".

Rektor deyib ki, ADPU məzunlarından 200 nəfərə yaxını Vətən müharibəsində ön cəbhədə vuruşub: “Onlarla məzunumuz müxtəlif dərəcəli bədən xəsarətləri alaraq qazi olub, 12 nəfər şəhidlik zirvəsinə yüksəlib”.

C. Cəfərov bildirib ki, hazırda universitetin 18600 nəfərdən çox tələbə, 1684 nəfərlik professor-müəllim və inzibati-texniki heyəti var: “100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib. Elmlər Akademiyasının prezidenti olmuş 11 nəfərdən 3-ü – Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev bizim universitetin yetirmələridir. Son illər ADPU bir neçə yeni layihənin icrasına başlayıb. Bunlardan birincisi ali təhsildə rəqabət qabiliyyətliliyin artırılması üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır. Hazırda 50 gəncin magistratura təhsili aldığı bu proqram bu tədris ilinin sonunda ilk məzunlarını buraxacaq. Növbəti ildən proqrama qəbul planı 25 nəfərdən 40 nəfərədək artırılacaq. Hazırda ADPU-da 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a çatdırılan rus bölməsi də fəaliyyət göstərir. Bu tədris ilində bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi də açılıb".

Təhsil naziri Emin Əmrullayev deyib ki, ADPU Azərbaycanda gənclərin müəllimlik ixtisasına yiyələnməsində əsas rol oynayan təhsil müəssisələrindən biridir: "Son illərdə istər müəllimlərin işə qəbulu müsabiqəsi, istər müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artır. ADPU-nun 160 minlik məzunu yəqin ki, Azərbaycanın son 100 ilində hər kəsin həyatında bu və ya digər şəkildə rol oynayıb. 160 mindən çox adamın fəaliyyəti nəticəsində bir çox sahədə insanların bilik və bacarığı formalaşıb".

Tədbir digər çıxışlarla davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR