Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir.
“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
“UK Export Finance-in Azərbaycan üzrə ən azı 5 milyard funt sterlinq həcmində risk götürmək imkanları mövcuddur. Nazirlə birlikdə görmək istədiyim iş bu maliyyələşməni aktivləşdirə biləcəyimiz layihələri müəyyən etməkdir. Məqsədimiz Azərbaycanda layihələrin reallaşdırılmasına və infrastrukturun qurulmasına nail olmaqdır”, – Lord Anas Sarvar deyib.
Onun sözlərinə görə, bu maliyyə imkanlarından xüsusilə infrastruktur, təmiz enerji və digər prioritet layihələrin dəstəklənməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Britaniyalı nazir energetika və bağlantı, texnologiya və maliyyəni iki ölkə arasında əməkdaşlığın əsas perspektivli istiqamətləri kimi göstərib.
O bildirib ki, Azərbaycanın regionun iqtisadiyyatlarını və enerji sistemlərini birləşdirən ölkə kimi rolu artır. Bu, ənənəvi enerji ilə yanaşı, bərpa olunan enerji və ölkələrarası yeni elektrik bağlantılarını da əhatə edir.
Nazir BP-nin “Şəfəq” Günəş Elektrik Stansiyasını Azərbaycan-Böyük Britaniya enerji tərəfdaşlığının transformasiyasına nümunə göstərib. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələr və Avropa ilə yeni bağlantılar yaratdıqca Britaniya şirkətləri iri infrastruktur layihələrinin hazırlanması və maliyyələşdirilməsi üçün öz təcrübəsini təqdim etməyə hazırdır. O, bu kontekstdə “Xlinks” və UKEF-in imkanlarını qeyd edib.
Lord Anas Sarvar texnologiya sahəsində də böyük əməkdaşlıq potensialının olduğunu bildirib. Azərbaycanın rəqəmsallaşma, süni intellekt və data infrastrukturu üzrə iddialı planlarının Britaniyanın tədqiqat və innovasiya imkanları ilə birləşdirilə biləcəyini deyib.
Onun sözlərinə görə, əməkdaşlıq yalnız bizneslər arasında deyil, təhsil müəssisələri arasında da genişləndirilməlidir. Nazir bu kontekstdə Warwick Universitetini qeyd edərək universitetlərin Azərbaycanın rəqəmsal transformasiyası üçün tədqiqat və kadr potensialının inkişafına töhfə verə biləcəyini bildirib.
Nazir investisiyaların əks istiqamətdə də artırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan şirkətlərinin London kapital bazarlarına, o cümlədən dual listinq vasitəsilə çıxış imkanlarının araşdırılmasını təklif edib.