Azərbaycanda məcburi eniş etmək istəyən təyyarələrə yeni qaydalar tətbiq ediləcək

Azərbaycanda məcburi eniş etmək istəyən təyyarələrə yeni qaydalar tətbiq ediləcək
# 23 yanvar 2017 13:29 (UTC +04:00)

Azərbaycanın hava məkanına daxil olan istənilən hava gəmilərinin (təyyarələrin) zərurət yarandıqda eniş etməsi ilə bağlı yeni qaydalar tətbiq edilir və uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul ediləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə "Aviasiya haqqında" qanuna yeni bəndlərin əlavə edilməsi təklif edilir.

Qanununa əlavə edilən yeni 6.7-ci maddəyə görə, "qəza halları istisna olmaqla, hava gəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan istənilən hava gəmisinin təcili enməsinə, həmin hava gəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün, yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hava limanında yol verilir".

Yeni 6.8-ci maddədə isə deyilir: "Müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malikdir. Bu cür yoxlamalar həmin hava gəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır".

Başqa yeni 6.9-cu maddədə də bildirilir: "6.8-də nəzərdə tutulmuş yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətlərini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar".

Qanuna əlavə edilən 41.1-1-ci maddədə isə qeyd edilib: "Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı uçuşların təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edir".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 1-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR