Kubada Azərbaycanın müstəqilliyinin 25-ci illiyi ilə bağlı foto-sərgi açılıb

Kubada Azərbaycanın müstəqilliyinin 25-ci illiyi ilə bağlı foto-sərgi açılıb
# 19 oktyabr 2016 09:26 (UTC +04:00)

Bakı – APA. Kubanın paytaxtı Havana şəhərinin ən möhtəşəm binalarından biri olan İnqilab Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqillik uğrunda mübarizə” adlı foto-sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Kubadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Kuba hökuməti və XİN-in yüksək rəsmiləri, Kubada akkreditə edilmiş xarici ölkələrin səfirləri və diplomatları, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə İnqilab Muzeyinin direktoru Xose Andres Peres Kintana çıxış edərək bayram münasibətilə öz təbriklərini çatdırıb. O, muzeyi yaxın həftələr ərzində ziyarət edəcək on minlərlə Kuba vətəndaşı və xarici turistlər üçün sərginin böyük maraq kəsb edəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın Kubadakı səfiri Yaşar Əliyev mərasimə qatılmaları və Azərbaycan xalqının bayram sevincini bölüşdükləri üçün iştirakçılara təşəkkürünü bildirib.

Tədbir zamanı Azərbaycanın dahi bəstəkarları Ü. Hacıbəyli, F. Əmirov, Q. Qarayevin klassik musiqi parçaları səslənib və müasir Azərbaycanın inkişafı və turizm imkanlarından bəhs edən video-çarxlar nümayiş olunub.

Foto-sərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub. Sərgi kompozisiyasına 1990-cı ilin 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılığı, Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafına yönəlmiş misilsiz tarixi xidmətləri, müasir Azərbaycanın inkişafını nümayiş etdirən guşələr daxil edilib. Sərgi noyabrın 1-nə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR