Həkimlər Culian Assanjın həbsxanada ölə biləcəyini açıqlayıblar

Həkimlər Culian Assanjın həbsxanada ölə biləcəyini açıqlayıblar
# 25 noyabr 2019 11:46 (UTC +04:00)

Həkimlər "WikiLeaks"-ın təsisçisi Culian Assanjın səhhəti ilə bağlı Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patelə açıq məktub ünvanlayıblar.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, Böyük Britaniya, Avstraliya, Şri-Lanka və Avropanın digər ölkələrindən olan 60 həkimin imzaladığı məktubda C. Assanjın sağlamlığı ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Həkimlər "WikiLeaks"-ın qurucusunun ciddi fiziki və psixoloji problemlərdən, depressiyadan əziyyət çəkdiyini və dərhal xəstəxanaya köçürülməli olduğunu bildiriblər.

"Assanjın səhhəti ilə bağlı ciddi narahatlığımız var. Onun həm fiziki, həm də psixoloji sağlamlığının təcili olaraq tibbi qiymətləndirməyə ehtiyacı var. Assanj müalicə üçün mütəxəssis heyəti və lazımi şəraitlə təchiz edilmiş xəstəxanaya aparılmalıdır. Lazımi müalicə tətbiq edilməzsə, mövcud dəllilərə əsaslanaraq deyə bilərik ki, Assanjın həbsxanada ölə biləcəyinə dair real narahatlığımız var", - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, bu ilin aprel ayında "WikiLeaks"-in qurucusu C. Assanj 2012-ci ildən bəri sığındığı Ekvadorun Londondakı səfirliyindən çıxarılıb və dərhal həbs olunub. C. Assanj məxfi sənədləri yaymaqda ittiham edilir. O, hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.

London məhkəməsi C. Assanjın ABŞ-a təhvil verilməsi ilə bağlı beş günlük dinləmələri 2020-ci il fevralın 24-dən sonraya təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR