Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”

Gürcü politoloq: “31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”
# 30 mart 2018 10:57 (UTC +04:00)

“1918-ci il 31 mart soyqırımını törədənlərin cəzalandırılmaması Xocalı və Abxaziyada qətliamlara gətirib çıxarıb”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Suxumi Dövlət Universitetinin professoru, gürcü politoloq Quram Marxuliya Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart – Azərbaycanlıların soyqırımı gününün 100-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Ekspert bildirib ki, 1918-ci il soyqırımında ermənilər azərbaycanlı qonşularını qocaya, uşağa baxmadan gecə ikən qətlə yetiriblər: “Soyqırımını törədənlərin cəzasızlığı sonra Xocalı və Abxaziyadakı qətliamlara gətirib çıxardı. Soyqırımı ilə bağlı həqiqətlər üzə çıxarılmalıdır. Bu istiqamətdə Azərbaycan və Gürcüstanın tarixçiləri və cəmiyyətin bütün üzvləri fəal olmalıdırlar”.

Q. Marxuliya bildirib ki, əgər Gürcüstana qarşı müharibə başlasa, ermənilər dövlətin tərəfində olmayacaq: “Ermənilər istənilən vaxt Gürcüstana xəyanət etməyə hazırdırlar. İndi ermənilər Tbilisinin mərkəzində gürcü kilsəsinin onlara məxsus olduğunu iddia edirlər. Həmin kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur”.

Politoloq hesab edir ki, Ermənistandan gələn təhdidlərə qarşı Azərbaycan və Gürcüstan birgə mübarizə aparmalıdır: “Güc birlikdədir. Azərbaycan və Gürcüstan federativ ittifaq yaradaraq gücləri birləşdirə və tarixi həqiqətlərin üzə çıxarılması uğrunda birgə mübarizə apara bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR