Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb.
APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.
İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.
Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.
Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.
*** 18.32
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib.
İnsidentin 2 gün öncə baş verdiyi bildirilir.
Aeroport əməkdaşlarının zəhərlənməsi hava limanının fəaliyyətinə təsir etməyib. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir.