Arif Əsgərovun qohumunun məhkəməsində Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini ittiham edilib

Arif Əsgərovun qohumunun məhkəməsində  Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini ittiham edilib
# 25 may 2018 10:31 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev deyib ki, prosesə şahid qismində çağırılan "Azərbaycan Dəmir Yolları" İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin baş direktoru Rizvan Rzayev və Yol Təsərrüfatı İdarəsinin rəis müavini Üsaməddin Məlikov müəyyən səbəblərdən prosesdə iştirak edə bilmirlər. Onların iştirakı növbəti prosesdə təmin olunacaq.

Sonra əlavə şahid qismində R. Hüseynovun atası İsmayıl Hüseynov ifadə verib.

O bildirib ki, 2014-cü ildə oğlu R. Hüseynova cinayət işi açılıb, lakin sonradan xitam verilib. İ. Hüseynov deyib ki, oğlu yalnız başqalarına çatacaq pulu aparıb-gətirməklə məşğul olub: "Onun əməlində heç bir dələduzluq cinayəti yoxdur. Deyirlər ki, guya Rahib Hüseynov pul alıb, mənə verib. Bunların hamısı cəfəngiyyatdır. Oğlumu oyuna salıblar".

Sonra İ. Hüseynov vəkilin suallarını cavablandırıb. O deyib ki, zərərçəkmiş Qoşqar Zeynalovun R. Hüseynova pul verdiyini görməyib. İ. Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevə qarşı ittiham da səsləndirib: "Rahib həbs olunandan sonra Əvəz Qocayev borc kitabındakı bəzi adları sildi. Orda pulların kimə verildiyi barədə adlar vardı. Orda öz adı da vardı. Əvəz Qocayev istəmirdi ki, bu aşkara çıxsın. Əvəz Qocayev oğlumun əlindən Novxanıdakı bağ evini də aldı. Hazırda özü istifadə edir".

Proses mayın 29-da davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR