Press Association və Associated Press agentliklərinin rəhbərləri AZƏRTAC-da olublar

Press Association və Associated Press agentliklərinin rəhbərləri AZƏRTAC-da olublar
# 14 may 2015 16:32 (UTC +04:00)

Bakı – APA. Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşüblər.

APA-nın məlumatına görə, görüşdə qonaqlara AZƏRTAC-ın tarixi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1920-ci ildə fəaliyyətə başlayan AZƏRTAC ötən 95 ildə böyük inkişaf yolu keçib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Bu gün AZƏRTAC ən müasir texnologiyalarla təchiz olunmuş, geniş beynəlxalq əlaqələrə malik, 7 dildə informasiya, 5 dildə videoxəbər yayan media qurumudur. Məlumat verilib ki, AZƏRTAC hazırda OANA, BSANNA, EANA kimi dünyanın nüfuzlu informasiya təşkilatlarının üzvüdür, yüzdən artıq informasiya agentliyi ilə əməkdaşlıq edir, onun 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir.

Dövlət müstəqilliyini cəmi 24 il əvvəl bərpa etməsinə baxmayaraq, Azərbaycanın çox qısa müddətdə əldə etdiyi nailiyyətlərdən söz açan baş direktor qonaqlara ölkəmizdə demokratiyanın inkişafı, söz və məlumat azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, bununla belə Azərbaycana münasibətdə özünü göstərən bəzi fərqli yanaşma və mövqelər təəccüb doğurur. Gənc dövlət olan Azərbaycan bu kimi məsələlərdə xaricdəki dostlarından dəstək gözləyir.

K. Marşal və C. Danişevski AZƏRTAC-ın və Azərbaycanın dostları kimi medianın inkişafı və jurnalist peşəkarlığının yüksəldilməsi ilə bağlı lazımi kömək göstərəcəklərini qeyd ediblər. Azərbaycan paytaxtında şahidi olduqları inkişafdan söhbət açan qonaqlar Dünya Xəbər Agentliklərinin Bakı Konqresinin yüksək səviyyədə təşkil ediləcəyinə əminliklərini bildiriblər.

Görüş zamanı 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq, jurnalistlər üçün yaradılan şərait, media azadlığı ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR