Ağdaşdakı mədəniyyət müəssisələrində artıq əməkhaqqı ödənildiyi aşkarlanıb

Ağdaşdakı mədəniyyət müəssisələrində artıq əməkhaqqı ödənildiyi aşkarlanıb
# 30 yanvar 2017 11:41 (UTC +04:00)

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin 9 ayında dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

APA-nın məlumatına görə, audit tədbiri ilə Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə və onun tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (o cümlədən 69 filialına), 2 Uşaq Musiqi məktəbinə, Heydər Əliyev Mərkəzinə, Ağdaş Tarix Diyarşünaslıq Muzeyinə, M. Şeyxzadənin Ev Mmuzeyinə, Mədəniyyət Mərkəzinə, 16 kənd mədəniyyət evinə, 36 kənd klubuna və 6 nəfər abidələrin mühafizəçilərinə ayrılan ümumilikdə 6738,2 min manat məbləğində vəsait əhatə edilib.

Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mədəniyyət müəssisələrindən büdcə vəsaitlərinə olan tələbat barədə sifarişlər tələb edilməyib. Bəzi xərc maddələri üzrə xərclərin əvvəlki illərdə icra vəziyyəti nəzərə alınmayaraq 2014-cü ildə əmək haqqı köməkçi bölməsi üzrə xərclər funksional təsnifatın “Saraylar və mədəniyyət evləri, klublar və başqa tədbirlər” paraqrafı üzrə, 2015-ci ildə isə “Kitabxanalar” paraqrafı üzrə tələbatdan az, digər paraqraflar üzrə tələbatdan artıq planlaşdırılıb. Nəticədə 2014-cü il və 2015-ci illərin əvvəlinə əmək haqqı üzrə kreditor borc yaranıb, eyni zamanda büdcədənkənar daxilolmaların təmin edilməsi istiqamətində müvafiq işlər aparılmayıb. Auditlə əhatə olunan illərdə “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün tədris planlar”ının tələblərinə əməl edilməyərək qrupların düzgün formalaşdırılmaması səbəbindən artıq dərs yükü tarifləşdirilərək, habelə normativdən artıq ştat vahidləri saxlanılaraq, eləcə də tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəniyyət müəssisələri üzrə ümumilikdə 104 halda artıq əmək haqqı ödənilib. Eyni zamanda 5 nəfər işçiyə artıq əmək haqqı ödənişinə yol verilib, 37 halda isə ümumi ezamiyyə xərcinin 5,8%-i həcmində artıq ezamiyyə xərci ödənilib.

Şöbənin fəaliyyət istiqaməti üzrə auditlə əhatə olunan illər üzrə illik iş planlarında nəzərdə tutulmuş 292 tədbirdən 73,9%-i , o cümlədən 2014-cü ildə 110 tədbirdən 82 tədbir, 2015-ci ildə 102 tədbirdən 75 tədbir və 2016-cı ilin 9 ayında isə 80 tədbirdən 59 tədbir icra edilmiş, büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilən mal-materiallar, dəftərxana və təsərrüfat mallarının silgisi aparılan zaman paylama cədvəlləri tərtib edilməmiş, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ləğv edilmiş filialları üzrə əsas vəsaitlərin təhvil-təslim işləri aparılmamış, anbarda olan əsas fondların və mal-material qiymətlilərinin qalığı üzrə çatışmazlıq və eyni zamanda artıqlıq müəyyən edilmiş, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şöbəyə əvəzsiz verilmiş inventarlar uçota alınmayıb. Auditlə əhatə olunan illərdə Mədəniyyət və Turizm şöbəsi üzrə 34 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb. Malların (işlərin və xidmətlərin) satınalınması zamanı qanunvericiliyin tələblərinə bəzi hallarda əməl edilməyib. Keçirilmiş satınalmaların 9,7%-i həcmində satınalma prosedurları keçirilmədən müqavilələr bağlanılıb və satın alınacaq malların ehtimal qiymətləri düzgün müəyyən olunmayaraq bəzi hallarda bazar qiymətlərindən baha alınaraq artıq büdcə vəsaiti ödənilib.

Hesablama Palatasının Kollegiyası Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsi və onun tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Auditlə müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Mədəniyyət və Turizm Nazirliyinə, Ağdaş Rayon İcra Hakimiyyətinə və Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR