Dövlət Xidmətinin rəisi: “Keşikçi dağı məbədi təmir olunmalıdır" - YENİLƏNİB

Dövlət Xidmətinin rəisi: “Keşikçi dağı məbədi təmir olunmalıdır" - <span style="color: red;">YENİLƏNİB
# 16 yanvar 2018 13:45 (UTC +04:00)

“Keşikçi dağı məbədinin təmirə ehtiyacı var. Abidənin “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilməsinin səbəbi bu ola bilər”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Xidmət rəisi qeyd edib ki, abidə təcili təmir olunmalıdır: “Düzdür, təşkilatın açıqladığı kimi böyük mənada təhlükə yoxdur, amma biz də hesab edirik ki, ölkəmizdəki bir çox abidələr kimi, Keşikçi dağı məbədinin də təmirə ehtiyacı var. Abidə Azərbaycan-Gürcüstan sərhədindədir. Ona görə də onun təmiri ilə bağlı iki ölkə arasında razılıq əldə olunmalıdır. Abidə Azərbaycan dövləti tərəfindən qorunur. Məhz buna görə də təmir üçün Azərbaycan tərəfindən maliyyə ayrıldıqdan sonra bu haqda hər hansı müzakirə aparmaq olar. Hesab edirəm ki, bu məsələ müsbət həllini tapacaq, hər hansı problem olmayacaq. Vəsait ayrılan kimi Keşikçi dağı abidəsində təmir işlərinə başlanılacaq”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib.

***

14.39

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçi dağı məbədi (David Qareci) “Europa Nostra” mədəni irsin qorunması təşkilatının təhlükədə olan abidələr siyahısına daxil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və idman naziri Mixeil Giorqadze deyib. O bildirib ki, David Qareci məbədi ilə yanaşı, Çiatura kanat yolları da qeyd olunan siyahıya salınıb.

M. Giorqadze qeyd edib ki, “Europa Nostra” təşkilatının siyahısında dünya üzrə 12 abidə yer alıb və mart ayının sonunda 7 abidənin olacağı yekun siyahı açıqlanacaq: “Yekun siyahı məlum olandan sonra təşkilatın ekspertləri abidələrə ziyarət edəcək və xüsusi fəaliyyət planı hazırlayacaqlar”.

Qeyd edək ki, Keşikçi dağı məbədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. “Europa Nostra” təşkilatı mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərən Avropa federasiyasıdır. 42 ölkəni əhatə edən təşkilat 1963-cü ildə Parisdə təsis olunub.

Cəmilə Babayeva

Cavid Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR