İsveçrə mətbuatında Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqda yazı dərc edilib

İsveçrə mətbuatında Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti haqda yazı dərc edilib
# 21 oktyabr 2016 15:09 (UTC +04:00)

Bakı – APA. İsveçrənin “St.Galler Tagblatt” qəzetində Nobel qardaşları və onların Azərbaycandakı həyat və fəaliyyətlərindən bəhs edən məqalə dərc edilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəzetin mədəniyyət üzrə jurnalisti Brijit Şmid-Quqlerin yazısında bildirilir ki, bu günlərdə bütün dünyanın diqqəti Nobel mükafatına yönəlib və həmin mükafatın təsisçisi Alfred Nobelin izləri Azərbaycana gedib çıxır.

Məqalədə XIX əsrin sonunda Bakıda baş verən neft bumundan danışılır, çar Rusiyasında neft hasilatının 95 faizinin, dünyadakı neft hasilatının isə yarısının Bakının payına düşdüyü diqqətə çatdırılır. Qeyd edilir ki, ilk olaraq Nobel qardaşlarının ən böyüyü Rixard Bakıya gələrək burada neft sənayesi üçün geniş imkanların olduğunu görüb və silah sənayesində çalışan qardaşlarını neft sahəsinə sərmayə qoymağa inandırıb. 1879-cu ildə Nobel qardaşları Bakıda öz neft şirkətlərini təsis edib və bu ailəyə məxsus “Villa Petrolea” ətrafında kiçik şəhərciyə bənzər infrastruktur yaradılıb. Bu gün həmin villa yenidən bərpa olunub və burada o dövrü əks etdirən muzey fəaliyyət göstərir.

Yazıda bildirilir ki, Nobel qardaşlarının Bakıdakı fəaliyyətinin canlı nümunəsi olan “Villa Petrolea” keşməkeşli tarix yaşayıb. Cəmi iki il ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətində Şərqdə ilk dəfə parlamentli demokratik respublika yaradılıb, o dövr üçün müsəlman ölkələri arasında bir çox ilklərə imza atılıb, qadınlara seçki hüququ verilib, qadın və kişilərin bərabər hüquqlara malik olması bəyan edilib. Sovet işğalı nəticəsində Bakını tərk etməyə məcbur olan Nobel qardaşlarının şirkəti və bütün mülkləri sovet hakimiyyəti tərəfindən müsadirə olunub, bununla da onların Azərbaycanda sənaye və sosial sahələrdə yaratdıqları bütün nailiyyətlərin taleyinə son qoyulub.

Sonda qeyd edilir ki, övladı olmayan və 1896-cı ildə vəfat edən Alfred Nobelin vəsiyyəti əsasında onun varidatı ilə bir fond təsis olunub. Fondun əsas məqsədi bəşəriyyət qarşısında böyük xidmətləri olan şəxsləri mükafatlandırmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR