Zaqatalada oğurladığı qızıl-zinət əşyalarını ölkədən çıxarmaq istəyən gənc tutulub

Zaqatalada oğurladığı qızıl-zinət əşyalarını ölkədən çıxarmaq istəyən gənc tutulub
# 26 oktyabr 2017 07:59 (UTC +04:00)

Zaqatalada həmkəndlisinin evindən küllü miqdarda qızıl-zinət əşyalarını oğurlayaraq ölkəni tərk etmək istəyən 21 yaşlı oğlan tutulub.

DİN Mətbuat Xidmətinin Şəki regional bölməsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 24-də rayonun Aşağı Tala kənd sakini Asif Hacıyev Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Asif Hacıyevin evindən oğruluq edənin kənd sakini, 1996-cı il təvəllüdlü Elxan Tehran oğlu Canımov olduğu məlum olub. Müəyyən edilib ki, Elxan Canımov evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyasını oğurlayıb.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılaraq Zaqatala RPŞ-yə gətirilib. Elxan Canımovun üzərinə baxış zamanı oğurladığı qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən götürülərək maddi sübut kimi istintaq verilib. Elxan Canımovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun həmin kənddə daha 2 evdən də qızıl-zinət əşyaları oğurlaması müəyyənləşib.


Faktla bağlı Zaqatala RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR