“Azərsu”da Almaniyanın “KfW Bankı”nın nümayəndələri ilə görüş keçirilib

“Azərsu”da Almaniyanın “KfW Bankı”nın  nümayəndələri ilə görüş keçirilib
# 11 sentyabr 2017 15:15 (UTC +04:00)

“Azərsu” ASC-də Azərbaycanda səfərdə olan Almaniyanın “KfW Bankı”nın nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Almaniyanın “KfW Bankı”nın ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədr müavini “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, Şəki və Gəncə şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər uğurla davam etdirilir.

Almaniya “KfW bankı”nın Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Alero Aqbojaroma təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Bank təmsilçisi Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib.

Görüşdə Gəncə və Şəki şəhərlərində layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Almaniyanın “KfW Bankı”nın birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Gəncə şəhərlində su mənbələri, magistral kəmərlər üzrə işlər yekunlaşıb, hazırda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir, eyni zamanda tullantı sutəmizləyici qurğunun layihələndirilməsi işləri aparılır. Şəki şəhərində də layihənin birinci mərhələsi yekunlaşıb, hazırda şəbəkələrin tikintisi davam etdirilir. “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən layihələrdən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gəncə və Şəki şəhərlərinin 550 minədək sakini faydalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR