Nazir: "TASİM layihəsi ilə bağlı ciddi fikir ayrılığı yoxdur"

Nazir: "TASİM layihəsi ilə bağlı ciddi fikir ayrılığı yoxdur"
# 05 dekabr 2017 13:23 (UTC +04:00)

Bakıda TASİM layihəsi üzrə ikinci yüksəksəviyyəli görüş keçirilir.


"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, bu görüş layihənin həyata keçirilməsinə ciddi təkan verəcək. "Bu layihənin reallaşdırılması yalnız bizim dövlətlər arasında deyil, bütün Avrasiya qitəsində internet keyfiyyətinin yüksəldilməsi və iqtisadi inkişafa töhfə verəcək. Son illər qonşu dövlətlərlə əməkdaşlıq sayəsində bir sıra uğurlu regional infrastruktur layihələr həyata keçirilib. Xüsusilə Şərq-Qərb dəhlizinin vacib hissəsi olan Bakı-Tbilisi-Qars yeni dəmir yolunu qeyd edə bilərik. Layihənin reallaşması nəticəsində Çindən Avropaya yüklərin çatdırılma vaxtı 2-3 dəfə azalıb. Bundan başqa, enerji nəqlli ilə bağlı bir sıra iri layihələr həyata keçirilib. İnanırıq ki, bütün bu layihələr və TASİM layihəsi ticarət, turizm kimi sektorlara töhfə verməklə yanaşı, qonşu dövlətlərdə yaşayan xalqların yaxınlaşmasına və davamlı inkişaf məqsədlərinə çatmağa yardım edəcək", - deyə nazir bildirib.

R. Quluzadə qeyd edib ki, aprel ayında TASİM layihəsi üzrə danışıqlarının intensivləşdirilməsi məqsədilə konsorsiuma daxil olan dörd ölkənin - Rusiya, Çin, Qazaxıstan və Türkiyənin Bakıdakı səfirlikləri ilə qeyri-rəsmi görüşlər keçirilib: "Bundan başqa, bu il ərzində bu ölkələrdəki həmkarlarımla görüşlər zamanı TASİM layihəsinin icrası ilə bağlı məsələləri müzakirə etmək imkanımız oldu. Sevindirici haldır ki, layihələrin icrası ilə bağlı aramızda ciddi fikir ayrılığı yoxdur. Fikrimcə, bizim üzərimizə düşən vəzifə danışıqların intensivləşdirilməsi və nəticəyə hesablanmış fəaliyyətin təşviq edilməsinə şərait yaratmaqdan ibarətdir. Ümid edirəm ki, layihə tezliklə reallaşacaq. Qeyd etmək istərdim ki, burada "China Telekom"un nümayəndə heyəti də iştirak edir. Sevindirici haldır ki, layihədə iştirakla bağlı “China Telekom” artıq öz razılığını bildirib. Ümid edirəm ki, bu razılıq TASİM layihəsinin reallaşmasına öz müsbət töhfəsini verəcək".

Qeyd edək ki, tədbirdə Rusiya, Çin, Qazaxıstan və Türkiyə nümayəndə heyəti ilə yanaşı, Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) da iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR