Hüsnü Mahalli: "Suriyada terrorçuların məğlubiyyətinin əsas səbəbi general və yüksək rütbəli zabitlərin ön cəbhədə savaşmaları oldu”

Hüsnü Mahalli: "Suriyada terrorçuların məğlubiyyətinin əsas səbəbi general və yüksək rütbəli zabitlərin ön cəbhədə savaşmaları oldu”
# 04 dekabr 2017 09:53 (UTC +04:00)

Suriyalı jurnalist-yazar Hüsnü Mahallinin APA-nın Türkiyə müxbirinə müsahibəsi

- Suriya hökumətinin dəvəti və BMT Təhlükəsizlik Şurasının qərarıyla Rusiya hərbi qüvvələri 30 sentyabr 2015-ci ildə Suriyaya daxil olanda Türkiyədəki analizlərin ümumi mənzərəsi “Rusiya orada ən çox 2 ay qala biləcək” şəklində idi. Siz isə o günlərdə bizə verdiyiniz müsahibədə Rusiyanın terrorçuları təmizləməyənə qədər Suriyadan çıxmayacağını demişdiniz. Haqlı çıxarkən nə düşündünüz?

- Müharibələrə nifrət edən bir insanam, həyatım boyunca savaşlara qarşı mübarizə aparmışam. Kaş Suriyada savaş olmayaydı və biz də mənim savaşa dair proqnozlarımın düz çıxması barədə danışmayaydıq. Səninlə 2012-ci ildə İstanbulda “Suriyanın dostları” iclasında iştirak etmişdik. O vaxt sənə demişdim ki, bunlar “Suriyanın dostları” deyil, düşmənləridir. Mübaliğə etmirəm, 100 ölkə Suriyanın üstünə gəlmişdi. Suriyanın dəvəti və BMT Təhlükəsizlik Şurasının qərarıyla Rusiya 30 sentyabr 2015-ci ildə Suriyaya hərbi qüvvələrini yeridəndə ölkənin ancaq 22%-i dövlətin nəzarəti altında qalmışdı. Hələb, demək olar ki, əldən getmiş, Dəməşq mühasirəyə alınmışdı. Təsəvvür edin ki, "Suriyanın dostları”nın açıq dəstəyi ilə 100 ölkədən gəlmiş terrorçu qruplar Dəməşqi ələ keçirsəydi, leqal bir dövlət yer üzündən silinəcək, o dövlətin torpaqlarında terror təşkilatının bayrağı dalğalanacaqdı. Mən bu proseslərin lap əvvəlindən Suriya dövlətinin məğlub olmayacağını dedim və heç vaxt fikrimdən dönmədim. İndi Suriya torpaqlarının 98%-i dövlətin nəzarəti altındadır, İŞİD terror təşkilatının İraq sərhədinə yaxın çöllərdə az sayda adamı qalıb, onlar da təmizlənəcək. 100 ölkənin Suriyanın üstünə gəlməsini necə soyuqqanlı qarşılamışdımsa, indi Rusiya və İranın dəstəyi ilə Suriya xalqının və dövlətinin əldə etdiyi qələbəni də o cür soyuqqanlı qarşılayıram. Həmişə təkrarladığım söz var: Dəməşq və Fələstin coğrafiyası İslam dinində müqəddəsləşdirilib, oraları işğal etmək heç kimə nəsib olmaz. Bax, Səudiyyə Ərəbistanı, Qətər indi Suriyaya etdikləri pisliklərin cəzasını çəkirlər. Xarici işlər naziri olduğu dönəmdə hörmətli Ahmet Davutoğluya da demişdim ki, siz Suriya xalqına qalib gələ bilməyəcəksiniz.

- Ahmet Davutoğlu Dəməşqdə dövlət başçısı Əsədlə 6.5 saat danışıb onu istefaya məcbur etmək istəyəndən sonra olmuşdu bu görüşünüz?

-Xüsusi görüşümüz olmamışdı. Mən ona həmişə hörmət əlaməti olaraq “Xocam” demişəm. Bir toplantıda üzbəüz gəldik. Dedim ki, siz Suriya xalqını məğlub edə bilməyəcəksiniz. Hörmətli Davutoğlu dedi ki, xalq Əsəddən narazıdır, yaxın vaxtlarda ölkənin hər yerində üsyanlar olacaq, Əsəd bu təzyiqlərə tab gətirə bilməz. Mən yenə öz fikrimin üstündə qalaraq dedim ki, siz Suriya xalqını tanımırsınız, o xalq öz ölkəsini müdafiə edəcək. Hətta Davutoğlu xocaya demişdim ki, mənə qalib gələ bilsəniz, Suriya xalqına da qalib gələ biləcəksiniz (gülür).

- Rusiya və İranın dəstəyi ilə Suriya ordusu itirilmiş mövqeləri geri alarkən sizinlə o vaxtkı vəziyyəti yenə analiz etmişdik. Çox insan itkisi olmasın deyə, ordunun dəqiq planlarla və təmkinli hərəkət etdiyini demişdiniz…

- İndi isə bunu deyirəm ki, Suriya ordusu ən gec 2 aya Rakkaya girəcək.

- Rakka indi kimdədir?

- PYD-də. Ancaq dövlət ordusu Rakkaya girmək üçün bütün hazırlıqlarını görüb.

- Türkiyə əl-Babın terrorçulardan təmizlənməsində rol oynadı. O vaxtdan bəri orada Türk əsgərləri və hərbi texnikası var. Rusiyanın da razılığını alaraq Suriya dövləti Türkiyənin orada qalmasına göz yumur. Bu barədə nə demək istərdiniz?

- Məsələlərin siyasi həlli istiqamətində müzakirələr başlayanda Türkiyənin oradakı varlığı da gündəmə gələcək. Suriya öz ərazi bütövlüyünü tamamilə bərpa edəcək.

- İndi Türkiyəni ən çox İdlib və Afrin bölgələri məşğul edir, Ankara bütün diqqətini o bölgələrə yönəldib. Oralarla bağlı bizə hər şeyi dəqiqliklə deyə bilərsinizmi?

- Türkiyə səhv addım ataraq "əl-Nusra" və ya “Təhrür əş-Şam”ı terror təşkilatları yox, “mülayim islami təşkilatlar” şəklində tanıtmağa çalışdı. Səudiyyə Ərəbistan mənşəli “Riyad qrupu”na yaxın duraraq bəzən Rusiya ilə də anlaşmazlığa düşdü. İdlibdə "əl-Nusra" və başqa təşkilatlara mənsub olan 35 min terrorçu var. İndi Rusiya, İran və Suriya Türkiyədən o qrupları aradan qaldırmasını istəyir. Ancaq Türkiyənin təkbaşına onlarla savaşa girməsi çətin məsələdir, ona görə də əvvəl-axır Rusiya, Suriya və İranla birlikdə hərəkət etmək zərurəti yaranacaq. Türkiyə orada təkbaşına savaşa girməyəcəyini bildiyinə görə gözləmə mövqeyi tutub. Afrində həm İŞİD, həm də PYD var, Türkiyə ikisiylə də mübarizə aparmaq məcburiyyətindədir. Bütün hallarda Rusiya, Suriya və İranın razılığı və onlarla əməkdaşlıq lazım gələcək.O rada diqqəti cəlb edən ən əsas məsələ isə bundan ibarətdir: Türkiyə niyə bütün diqqətini Afrin bölgəsinə yönəldib? Suriya-Türkiyə sərhədini gözünün qabağına gətir (qələmini çıxarıb sərhədi çəkir). Afrin Suriyanın Şimali- Qərbindədir, burada PYD var, kürd bölgələrini birləşdirən coğrafiyanın ortasından Fərat çayı keçir. Niyə Türkiyə diqqətini tamamilə Suriyanın Şimali-Qərb bölgəsindəki kürdlərə yönəldib? Söhbət PYD-dən gedirsə, 911 kilometrlik sərhədin yerdə qalan təxminən 600 kilometrlik bölümündə kürdlər yoxdurmu? ABŞ əsas silah yardımını da o bölgəyə göndərmirmi? Kantonların mərkəzi Kobane deyilmi? Ən böyük təhlükə orda olduğu halda Türkiyə niyə oranı unudaraq diqqətini məhz Afrinin ətrafına yönəldib?

- Bəs məsələnin siyasi həlli gündəmə gələndə Dəməşqin kürdlərə muxtariyyət verməsindən söhbət gedəcəkmi?

- Qətiyyən. Suriyanın ərazi bütövlüyü çərçivəsində indiyə qədər o biri xalqlara verilən haqların təkmilləşdirilməsindən söhbət gedə bilər. Suriyanın üstünə 100 ölkə gəlsə də, bu savaşdan qalib çıxdı. Bunun ən önəmli səbəbi nədir, bilirsənmi? İŞİD-ə, Nusraya və digər terror təşkilatlarına qarşı aparılan müharibənin ön cəbhələrində heç vaxt sıravi əsgərlər olmadı. Heç vaxt. Ön cəbhələrdə həmişə leytenant və ondan yuxarı rütbələrdəki zabitlər oldu. Generala, hətta ordu generalına qədər, düşün. Suriya ordusundakı generalların hamısı tamamilə ön sıralarda döyüşdülər. Suriyada müharibə buna görə qələbə ilə başa çatdı. Çünki arxadan gələn əsgər öz inamını heç vaxt itirmədi. Yəni, qabağında öz komandanlarını görən əsgərlər “Mənim generalım gözümün qabağında şəhid olursa, mən necə qaça bilərəm, necə gedə bilərəm?” deyə düşündü. Məncə, əsas səbəb budur. Yəni, bir ailədə, 2, 3, 4, 5 şəhid varsa, səbəbi budur. Mən 2, 3 şəhid vermiş neçə-neçə ailə tanıyıram. Bir müddət əvvəl Qətər açıqlama verdi ki, savaş başlayanda istefa verib dövlətə qarşı savaşan müxalifətin tərəfinə keçməsi üçün keçmiş baş nazirə 50 milyon dollar verdik. O adam guya “Azad Suriya Ordusu”na komandanlıq edəcəkdi, oradan da qaçdı. Yəni, əvvəlcə ordunun yüksək rütbəli general və zabitləri, sonra əsgərlər və daha sonra xalqın həmrəyliyi qələbəni gətirir. O həmrəyliyin Azərbaycanda da olduğuna və işğal altındakı torpaqları o həmrəyliyin gücüylə azad edəcəyinə inanıram. Mənim Azərbaycana qarşı qəlbimin dərinliyindən gələn sevgim olduğunu sən yaxşı bilirsən.

- Həbs edilməyiniz qəlbinizi sındırdımı?

- Mən heç vaxt gerçəkləri deməkdən qorxmadım. Gerçəkləri deyərkən Türkiyə ictimaiyyətinin məni çox yaxşı anladığına inanırdım. Səhhətimdə problemlər yaranmasaydı, həbsdə qalmağım vecimə də olmazdı. İndi yeriməkdə çətinlik çəkirəm, əsa ilə yerimək məcburiyyətində qalmışam. Ancaq fizioterapiya ilə hər şeyi yoluna qoyacağıma inanıram. Bu məsələlər barədə yazanların, danışanların önəmli qismi Türkiyədən qaçdı, mən isə heç yerə getmədim və getmərəm. Türkiyə mənim vətənimdir, mən Türkiyənin bütün qonşularıyla olduğu kimi, Suriya ilə də dostluq şəraitində münasibətlər yaratmasını istəyirəm. Savaşa, işğalçılığa qarşıyam. Bir gün səninlə Dəməşqə gedəcəyik, ümid edirəm ki, Azərbaycan torpaqları işğaldan azad ediləcək və səninlə heç vaxt gözümün qabağından getməyən Şuşaya birgə gedəcəyik. Şuşa dünyada ən çox sevdiyim yerdir, hələ də oranın videolarına baxanda kövrəlirəm. Mənə verdiyin bu fürsətdən istifadə edərək çox sevdiyim Azərbaycana salam və sevgi göndərirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR