“Azercell”in səhmlərini “AzInTelecom” alıb

“Azercell”in səhmlərini “AzInTelecom” alıb
# 05 mart 2018 13:01 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” MMC “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı müqavilə imzalayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” MMC (AzInTelecom) və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanıb. “Azertel” Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir.

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir. “Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın, sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə “AzInTelecom” MMC “Telia Company AB” və “Turkcell İletişim Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılıb və “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının “AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə edilib. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə “AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini əldə edib.

“AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğundur. Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzInTelecom” “Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir. Bu da “Azercell Telecom” MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının artırılmasına xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR