ATƏT: Ümid edirik ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş tezliklə baş tutacaq

ATƏT: Ümid edirik ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş tezliklə baş tutacaq
# 06 aprel 2018 14:39 (UTC +04:00)

"Biz ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə keçiriləcək".

Bunu APA-ya açıqlamasında İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat xidmətinin rəhbəri Giovanni Davoli deyib.

O bildirib ki, Ermənistanda bu yaxınlarda yeni dövlət başçısı seçilib: “Azərbaycanda isə bir neçə gündən sonra seçkilər keçiriləcək. Ümid edirik ki, iki dövlət başçısı arasında görüş tezliklə baş tutacaq. Biz qəbul edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən son görüşlərdə irəliyə doğru addımlar atılıb. Bu görüşlər zamanı kompromis üçün daha uyğun mühit yaratmağa gətirib çıxaran daha dərin qarşılıqlı etimadın toxumları əkilib”.

Mətbuat katibi ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi və araşdırma mexanizmlərinin işə salınması ilə bağlı iki dövlət başçısı arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı isə qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr davam edir: “Danışıqlarda müsbət irəliləyiş ATƏT qərarlarından deyil, daha çox iki tərəfin iradəsindən asılıdır. Ermənistan və Azərbaycan sülh prosesinin sürətləndirilməsi barədə razılığa gəldikdə, Krakovda əldə edilmiş razılaşma davamlı həllini tapacaq”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR