SOCAR İstiqrazlarına ikiqat tələbat yaranıb

SOCAR İstiqrazlarına ikiqat tələbat yaranıb
# 11 oktyabr 2016 09:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 mln. dollar məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarına 2 dəfədən çox tələbat yaranıb.



SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, sentyabrın 20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 mln. dollar məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb.

“ASAN xidmət”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər Türk Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Rabitəbank”, “AzFinance”, “İnvestAz”, “PAŞA Kapital” və anderrayterliyi öhdəsinə götürən “PSG Kapital”ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda baş tutacaq. 14 oktyabradək Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda ikinci bazar əməliyyatları başlanacaq.

Dəyəri 100 mln. dollar təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203,604 mln. dollar sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcəkdir, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.


Yekun nəticələr 14 oktyabr tarixi etibarı ilə dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec 18 oktyabr tarixində həmin proses tamamlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR