Baş nazirin müavini İsveçrə səfirini qəbul edib

Baş nazirin müavini İsveçrə səfirini qəbul edib
# 28 oktyabr 2016 15:06 (UTC +04:00)

Azərbaycan baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalderi qəbul edib.

APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetində keçən görüşdə Ə. Əhmədov ölkəmizin İsveçrə Konfederasiyası ilə ikitərəfli əlaqələrinin bütün sahələr üzrə dərinləşməsində maraqlı olduğunu bildirib və bu əlaqələrin qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini qeyd edib.

Ə. Əhmədov ölkələrimiz arasında iqtisadi, humanitar sahələrdə əsaslı iş birliyinin mövcudluğunu vurğulayıb, iqtisadi-ticarət münasibətlərin yüksək templə inkişafından məmnunluğunu ifadə edib və bu əlaqələrin durmadan inkişaf etdirilməsinin əməkdaşlığımıza xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

F. Stalder isə dövlətlərimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirdiyini, ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv olduğunu və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulayıb. Diplomat enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərən İsveçrə şirkətləri üçün yaradılmış əlverişli şəraitin bu münasibətləri yeni müstəviyə çatdırdığını bildirib.

F. Stalder yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsində Davos İqtisadi Forumunun vacib platforma kimi xüsusi rolunu vurğulayaraq, bu çərçivədə Azərbaycan prezidenti İlham Əliyevin isveçrəli rəsmilərlə keçirdiyi mütəmadi ikitərəfli görüşlərin ölkələrimiz arasındakı siyasi dialoqun davamlılığı və fəallığı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR