Bakıda iş mərkəzində qətl törədən şəxs özünü qismən təqsirli bilib

Bakıda iş mərkəzində qətl törədən şəxs özünü qismən təqsirli bilib
# 15 avqust 2017 09:30 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıdakı "Dəmirçi Plaza"da qətl törədən Elşən Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən E. Bəşirov özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, Əli Ağalı onu tez-tez təhqir edib, bu isə ona psixoloji təsir edib. E. Bəşirov buna dözmədiyi üçün onu qətlə yetirdiyini bildirib.

Ə. Ağalının atası Varid Ağayev isə ifadəsində bildirib ki, oğlu tərbiyəli və ali savadlı olub. V. Ağayev oğlunun bundan əvvəl Sudan səfirliyində işlədiyini, qətlin baş vermə səbəbinin ona qaranlıq qaldığını deyib. O, məhkəmədən E. Bəşirova ömürlük cəza verilməsini xahiş edib.

Qeyd edək ki, hadisə yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada baş verib. İcarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü işləyən Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR