Nazir müavini: Qısa müddətdə 182 layihəyə investisiya təşviqi sənədi verilib

Nazir müavini: Qısa müddətdə 182 layihəyə investisiya təşviqi sənədi verilib
# 28 iyul 2017 15:16 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir müavini Niyazi Səfərov vurğulayıb ki, Azərbaycanda sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur yaradılır və güzəştli rejim tətbiq olunur, sənaye zonalarına sahibkarların marağı artır. Qeyd edilib ki, investisiya təşviqi mexanizminin tətbiqi nəticəsində qısa müddətdə 182 layihəyə investisiya təşviqi sənədi verilib, onların reallaşması nəticəsində ölkə iqtisadiyyatına 1,6 mlrd. manatdan çox investisiya qoyulacaq, 12 minə yaxın yeni iş yeri açılacaq. Bu layihələrin 62%-i sənaye sahəsinə aiddir.

Diqqətə çatdırılıb ki, sənaye sahəsində kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə dövlət başçısı bir neçə gün öncə Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanlarından geniş bəhs edilib, ixrac potensialının genişlənməsində, yeni iş yerlərinin açılmasında müəssisənin əhəmiyyəti vurğulanıb.

“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. 2018-ci ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsalı gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq “Azərkimya” İB-nin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq. Müəssisənin tikintisində 3 minə yaxın işçi çalışır.

Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Quliyev “SOCAR-Polymer” MMC-nin əhəmiyyətini vurğulayaraq, gələcəkdə həmin müəssisənin ətrafında klasterlərin yaradılması imkanları barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR