İşəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi sürətli şəkildə aparılmır

İşəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi sürətli şəkildə aparılmır
# 11 sentyabr 2017 14:04 (UTC +04:00)

Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.

"APA-Economics" xəbər verir ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 59%-nun icrasına başlanılıb, 41%-nin icrasına başlanılmayıb. Göründüyü kimi, yarım il ərzində icra olunan tədbir yoxdur.


Hədəflərə gəlincə, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasının 71%-nin icrasına başlanılıb, 29%-i icra olunmayıb. Bundan başqa, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin və məqsədli peşə inkişafı proqramlarının yaradılmasına başlanılmayıb, sektorlar üzrə spesifik proqramların yaradılmasına başlanılıb, peşə təhsili və təlimi hədəflərinin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqinin 67%-nin icrasına başlanılıb, 33%-nin icrasına başlanılmayıb.

Əsas icraçı qurumların performansı isə aşağıdakı kimidir:

Qurumun adı

Performansı

(faizlə)

Məsul olduqları tədbirlərin sayı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

50%

1

Təhsil Nazirliyi

28%

16

Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 26%-lik proqres müşahidə olunub.

Görülmüş işlər barədə qısa məlumat:

"İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na yeni ixtisaslar əlavə edilməklə və mövcud bir sıra ixtisaslar üzrə hazırlığa başlamaqla, 2016/2017 tədris ili üçün şagird qəbulu həyata keçirilən ixtisasların sayı ötən ildəki 123 ixtisasdan 154-ə yüksəldilib, şagird qəbulu prosesinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulub. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə imtahanlar təşkil olunub.

Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90%-inə, yəni 86 müəssisəyə baxış keçirilib. Rasionallaşdırma və optimallaşdırma çərçivəsində Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Əsasən kənd təsərrüfatı və turizm sahəsində ixtisaslaşmış kadrlara olan tələbatı ödəmək üçün müasir infrastruktur, maddi-texniki baza və tədris resurslarına malik bu Mərkəzin inşası son tamamlanma mərhələsinə daxil olub. Burada tədris edilməsi məqsədilə donor təşkilatların iştirakı ilə bağçılıq, heyvandarlıq və aqroservis mütəxəssisi ixtisasları üzrə yeni kurikulumlar və müvafiq tədris vəsaitləri tərtib edilib.
İşəgötürənlərlə tərəfdaşlıq mexanizmlərinin qurulması üzrə pilot layihələr həyata keçirilib. İlk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarında komissiya sədrlərinin, əsasən, ilk peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq edən işəgötürən müəssisələrin nümayəndələrindən ibarət olmasına dair müvafiq əmr imzalanıb. Bundan əlavə, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC arasında əməkdaşlıq razılaşması bağlanıb, tədris prosesində fərqlənən şagirdlərin istehsalat təcrübəsinin,

əməkhaqqı (100 manat) və nahar MİDA tərəfindən təmin edilməklə, iş yerində keçirilməsi təmin edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən "STEP İT Academy" beynəlxalq tədris müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, yüksək akademik göstəricilərə malik şagirdlərin ödənişli qruplarda pulsuz təhsil alması təmin edilib. British Council, Təhsil Nazirliyi və turizm sənayesi (“Abşeron Otellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm”) ilə birlikdə Turizm və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “Şagirdlik təcrübəsi və turizm-xidmət sektoru üzrə iş yerində təlim” pilot layihəsi çərçivəsində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə təhsil alan şagirdlərin istehsalat təcrübəsini iş yerlərində keçməsi nəticəsində məzunların 40%-i Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin olunub.

Pilot peşə təhsili və təlimi müəssisələrinə prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün meyarların hazırlanması prosesinə başlanılıb, bu məqsədlə Gilan Holdinq, “MİDA” və “ABAD”-la danışıqlar prosesinə start verilib.

Əsas problemlər:

Strateji yol xəritəsində müəyyən edilmiş prioritetlərin icrası, o cümlədən işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər sürətli şəkildə aparılmır.

Tövsiyələr:

- Prioritetlərin icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə iş aparıla bilər;

- Pilot peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında tərəfdaşlığa mane olan amillər dəqiq müəyyənləşdirilə və maraqlı olan işəgötürənlərlə əməkdaşlıq qurula bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR