Azərbaycanda nağd iqtisadiyyatın 34 faiz azaldılması proqnozlaşdırılır

Azərbaycanda nağd iqtisadiyyatın 34 faiz azaldılması proqnozlaşdırılır
# 06 mart 2019 12:02 (UTC +04:00)

Yaxın 5 il ərzində Azərbaycanda nağdsız ödənişlərin 52 milyard manatadək artacağı proqnozlaşdırılır.

ONA-nın məlumatına görə, bunu Mərkəzi Bankın Ödəniş sistemləri departamentinin direktoru Kəmalə Qurbanova “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, eyni zamanda nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır.

K.Qurbanova qeyd edib ki, ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramının uğurlu icrası ölkədə nağd iqtisadiyyatının çəkisini kəskin azaltmağa imkan verəcək, eyni zamanda nağdsız ödənişlərin artmasına təkan verəcək. Milli ödəniş sistemi üzrə aparılan dövriyyə son 3 il ərzində 79 faiz artaraq, 274 milyard manat təşkil edib. Kart ödənişlərində nağdsız dövriyyə son 3 il ərzində 136 faiz artaraq 2,8 milyard manata çatıb.

Departament direktoru Dövlət Proqramı çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən iki strateji layihədən danışıb: "Bu layihələrdən biri ani ödəniş sistemidir ki, bu gün müasir dövrün ödəniş sistemləri sahəsində ən əsas trendlərdən biridir. Bu gün 40-a yaxın ölkədə tətbiq edilən bu sistem zaman və məkandan asılı olmayaraq, biznesin 5-10 saniyə ərzində həyata keçirilməsinə imkan verəcək. Layihənin birinci mərhələsi cari ilin sonunda başa çatdırılacaq və birinci mərhələnin sonunda fiziki şəxslər arasında fiziki kart istifadə etmədən bank hesablarına bağlanmış telefon nömrələri ilə ödəniş aparmağa imkan yaradacaq. Növbəti mərhələdə isə QR-kod və NFC texnologiyalarla ödənişlər gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR