“Neftçi” klubunun ölkə çempionatında qolsuz oyunlar seriyası dördə çatıb

“Neftçi” klubunun ölkə çempionatında qolsuz oyunlar seriyası dördə çatıb
# 10 aprel 2017 10:22 (UTC +04:00)

“Neftçi”nin qolsuz və qələbəsiz oyunlar seriyası dördə çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXV turunun “Kəpəz”lə səfər oyununda 0:2 hesabı ilə uduzan paytaxt klubu martın 18-də “İnter”ə qarşı keçirilən çempionat matçından sonra nə qalib gələ bilir, nə də qol vurur.

Paytaxt derbisində 2:1 hesablı qələbəyə sevinən “ağ-qaralar” sonrakı 4 matçdan birində heç-heçə edib, 3-də uduzub. 2 çempionat və 2 kubok görüşünə çıxan Elxan Abdullayevin yetirmələri bütün məğlubiyyətlərini eyni hesabla alıb.

Premyer Liqada “İnter”lə “Sumqayıt”a, kubokun 1/4 final mərhələsinin ilk matçında “Qarabağ”a 0:2 hesabı ilə yenilən “Neftçi” ağdamlılarla cavab görüşündən məğlubiyyətsiz ayrılıb – 0:0.

Bu seriya Elxan Abdullayevin rəhbərliyi altında ən uğursuz göstəricinin təkrarıdı. 2016-cı ildən “Neftçi”nin baş məşqçisi olan çalışdırıcı “ağ-qaralar”ın “sükanı arxasında” olduğu müddətdə antirekordunu dekabr-fevral aylarında yaşamışdı. Həmin vaxt 4 matçlıq qələbə həsrəti 1 heç-heçə və 3 məğlubiyyətlə əlamətdar olmuşdu.

2 ay sonra antirekordu təkrarlayan bakılılar daha bu dəfə qola da həsrət qalıb. Belə ki, “ağ-qaraıar” 4 oyundu rəqib qapısına yol tapmır. Hərçənd, il ayrıcında yaşanan seriyada top fərqi 2-5-ə bərabər olub. İndi isə bu rəqəm 0-6-dı.

“Ağ-qaralar”ın ardıcıl 4 matçda qol vura bilməməyini isə nə Elxan Abdullayev görüb, nə də klubun indiki rəhbərliyi. Bakılılar sonuncu belə qol həsrətini 2013-cü ilin yayında yaşayıb.

Hələ Sadiq Sadıqovun klub prezidenti, Böyükağa Hacıyevin baş məşqçi olduğu vaxtda da 4 görüşdən ikisi avrokubok səviyyəsində olub. 2012/13 mövsümünün son çempionat matçında “Bakı”ya 0:1 hesabı ilə uduzub, kubokun finalında “Xəzər Lənkəran”a 120 dəqiqədə qol vura bilməyib (0:0) “Neftçi” Çempionlar Liqasında “Skenderbeu”nun qapısına yol tapa bilməmişdi – 0:0, 0:1.

Qeyd edək ki, “Neftçi” son qolunu 23 gün əvvəl “İnter”lə martın 18-dəki çempionat qarşılaşmasında rəqib qapısından keçirib. Abdullayevin mətbuat konfransında “xuliqan” adlandırdığı azarkeşlər Rəhman Hacıyevin 70-ci dəqiqəsindən sonra 380 dəqiqədi komandasından qol gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR