Türkiyəli ekspert: “ABŞ əməliyyata etiraz etsəydi, Türkiyə İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı”

Türkiyəli ekspert: “ABŞ əməliyyata etiraz etsəydi, Türkiyə İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı”
# 29 yanvar 2018 08:12 (UTC +04:00)

“Amerika “Zeytun budağı” əməliyyatına etiraz etsəydi, Türkiyə hökuməti ölkə ərazisindəki İncirlik və Kürəcik hərbi bazalarını bağlayacaqdı”.

Bu sözləri Suriyanın şimal-qərb bölgəsində Türkiyə Silahlı Qüvvələrinin apardığı “Zeytun budağı” əməliyyatının gedişini şərh edən Orta Şərq məsələləri üzrə tanınmış mütəxəssis, “Habertürk” kanalının şərhçisi Nevzat Çiçək deyib.

N. Çiçək Türkiyə rəhbərliyinin bu əməliyyatla bağlı qərarlılığını xüsusi vurğulayıb: “Hərtərəfli hazırlanmış əməliyyatdır. Rusiya ilə hər şey razılaşdırılıb. Türk ordusunun Afrinə girməsinə köhnə müttəfiq ABŞ etiraz etsəydi, Türkiyə öz torpaqlarında yerləşən İncirlik və Kürəcik hərbi bazalarını NATO-ya qapadacaqdı. Bu məlumatı dövlətin ən üst səviyyəsindən almışam. İqtidarın bu qərarlılığından ABŞ da xəbərdar idi. Hər şey plana uyğun şəkildə davam edir. Ordunun əsas məqsədi mülki vətəndaşlara ziyan vurmadan bu əməliyyatı müvəffəqiyyətlə başa çatdırmaqdır, ona görə də irəliyə doğru hərəkət edərkən hər şey dəqiqliklə ölçülüb-biçilir. Türkiyənin son hədəfi sərhədin 10-30 kilometr o tərəfində “təhlükəsiz bölgə” yaratmaqdır. Afrin əməliyyatından sonraya planlaşdırılmış Menbiç əməliyyatı başa çatandan sonra Türkiyə bu məsələni gündəmə gətirəcək. Hətta PYD terror təşkilatı o bölgələri Dəməşq hökumətinə təhvil versə də, Türkiyə “təhlükəsiz bölgə” yaradılması üçün öz təkidindən vaz keçməyəcək”.

Türkiyənin bundan sonrakı hərbi əməliyyatlarına ABŞ-ın göstərəcəyi mümkün reaksiya barədə suala ekspert belə cavab verib: “ABŞ-ın bölgədəki qüvvələrinin öz aralarında yekdillik yoxdur. Menbiç bölgəsinə Mərkəzi Kəşfiyyat İdarəsi, Fərat çayının sağ sahilinə isə Pentaqon nəzarət edir. Türkiyə o qurumların hər ikisinin bölgədəki fəaliyyətlərinə qarşı güclü iradə nümayiş etdirib. 1500 nəfərin iştirak edəcəyi Soçi konfransında ABŞ-ın iştirak etməməsi regiondakı tarazlığı mühüm dərəcədə dəyişdirə bilər. Türkiyənn Afrin və Menbiçdə keçirəcəyi uğurlu əməliyyatlardan sonra ABŞ-ın “Böyük Orta Şərq” planı tamamilə tarixə qarışa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR