Vaşinqtonda 20 Yanvar faciəsinin qurbanları anılıb

Vaşinqtonda 20 Yanvar faciəsinin qurbanları anılıb
# 24 yanvar 2017 04:05 (UTC +04:00)

Yanvarın 23-də Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimə Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, ABŞ-da yaşayan Azərbaycan icması və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və Sovet hakimiyyətinin xalqımızın haqlı tələblərinə verdiyi qanlı cavab haqqında məlumat verib. O, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb.

E.Süleymanov bu faciənin baş verdiyi günləri yada salaraq həmin vaxtın özünün Moskvada tələbəlik illərinə təsadüf etdiyini bildirib və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırladıb. Bu xüsusda o, Ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs edib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstəyi və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu qeyd edib.

Daha sonra Azərbaycan diasporunun fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin dünyadakı bütün Azərbaycanlıları ayağa qaldırdığını, o cümlədən ABŞ-dakı Azərbaycanın diaspor nümayəndələrinin keçmiş SSRİ-nin səfirliyi qarşısında etiraz aksiyası keçirdiklərini xatırladıb və bunu milli oyanışın və həmrəyliyin mühüm amili kimi qeyd edib.

Yekunda mərasimdə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna ehsan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR