"Qəhrəmanlar unudulmur" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib

"Qəhrəmanlar unudulmur" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib
# 04 noyabr 2017 12:59 (UTC +04:00)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəmanlara həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə TTM-in müəllim və zabit heyəti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları, Milli Qəhrəmanların ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Çıxış edənlər bu tədbirin keçirilməsinin məqsədinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması, Vətən uğrunda döyüşlərdə şücaət göstərmiş Milli Qəhrəmanların tanıdılması, onların həyatı, keçdiyi şərəfli döyüş yolları, göstərdikləri müstəsna xidmətlərini təbliğ etməkdən ibarət olduğunu vurğulayıblar.

Tədbirdə iştirak edən Milli Qəhrəmanlar Zabit Quliyev, Bəxtiyar Allahverdiyev, Vahid Quliyev və hazırda ordu sıralarında xidmət edən polkovnik-leytenant Fariz Qəhrəmanov çıxış edərək gənc kursantlara keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından danışaraq, xatirələrini bölüşüblər.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının hazırladığı, ordu quruculuğundan və şəxsi heyətin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Sonra kursantlara Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən, ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunan “Azərbaycanın Milli Qəhrəmanları” kitabı hədiyyə olunub.

Tədbir Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin üzvlərinin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının ifası ilə davam edib.

Sonda Milli Qəhrəmanlarla birgə xatirə fotosu çəkilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR