Bakı-2015: Qılıncoynadanlardan Sevinc Bünyatova bürünc, bacısı Sevil isə gümüş medal qazanıb - VİDEO

Bakı-2015: Qılıncoynadanlardan Sevinc Bünyatova bürünc, bacısı Sevil isə gümüş medal qazanıb  - <span style="color: red;">VİDEO
# 25 iyun 2015 17:53 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparıb.

Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunub. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışsa da, onlardan yalnız ikisi – “Neftçi İdman Klubu”nu təmsil edən Sevil və Sevinc Bünyatova bacıları fəxri kürsüyə qalxıblar.

Belə ki, qadınların yarışı 36 idmançının 6 qrupda mübarizəsi ilə start götürüb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyatova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyatova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.

Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.

Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.

1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaya yenilib - 13:15.

26 yaşlı Bünyatova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.

1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.

Sevinc 15:11, Sevil isə 15:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Yarımfinalda Sevil fransalı Marqo Rifkisslə qarşılaşıb. Həmyerlimiz bu dəfə də inamlı çıxış edərək, rəqibindən üstün olub - 15:9.

Onun bacısı isə polşalı Anjelika Vatora 11:15 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

Bu, yığmamızın Avropa Oyunlarında 43-cü mükafatı olub.

Finalda Sevil bacısının qisasını almağa çalışsa da, daha təcrübəli Vatora buna imkan verməyib. O, 15:14 hesabı ilə qələbə qazanaraq, çempion adına yiyələnib. Sevil isə gümüş medala sahib olub. Bu, millimizin Avropa Oyunlarında 46-cı mükafatıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR