Gəncədə Milli Qəhrəmanlar Rəfael Əsədov və İqor Makeyevin xatirəsi anılıb

Gəncədə Milli Qəhrəmanlar Rəfael Əsədov və İqor Makeyevin xatirəsi anılıb
# 28 oktyabr 2016 02:13 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyəti və Respublika Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları şəhid polkovnik Rəfael Əsədov və çavuş İqor Makeyevin ad günləri münasibəti ilə oktyabrın 27-də Nizami yurdunda “Həyatda qəhrəmanlığa həmişə yer var” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.

APA-nın xəbərinə görə, əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə teatrlaşdırılmış rekviyem-tamaşanın təqdimatından öncə bir qrup hərbi qulluqçu və şəhər ictimaiyyətinin nümayəndəsi Gəncədə yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gəncə Qarnizonu Zabitlər Evinin ansamblının, Gəncə Dövlət Dram Teatrı aktyorlarının və hərbçilərin birgə çıxış etdiyi tədbirdə xalqımızın hərb tarixindən söhbət açılıb, hərbi marşlar, vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunub, şəhid milli qəhrəmanların həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib.

A.Qurbani bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda 400 nəfərdən çox gəncəli şəhid olub, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Tədbirdə bildirilib ki, Gəncə şəhərində anadan olan Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədov SSRİ Silahlı Qüvvələrinin məhdud kontingentinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlib. 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü pozulan zaman gənc zabit Vətənə qayıdıb və Milli Ordunun sıralarına daxil olub. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit raket batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəməyən polkovnik Rafael Əsədov Artilleriya Korpusunun komandiri təyin edilib. Rafael Əsədov Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların fəal təşkilatçısı və iştirakçısı olub. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnib. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən yaralanaraq dünyasını dəyişib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 1994-cü ildə polkovnik Rafael Əsədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Gəncədə doğulan İqor Makayevin Naxçıvanik kəndi, Ağdam, Tərtər və Ağdərə rayonları uğrunda gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıq haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusu üçün strateji əhəmiyyətli “Vışka” yüksəkliyinin alınması İqor Makeyev üçün son döyüş olub. İqor Makeyevin ermənilərin ağır texnika ilə hücuma keçdiyi döyüşdə 28 nəfər döyüşçü yoldaşını mühasirədən xilas edib. Özü isə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İqor Makayevə 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Tədbirin sonunda Milli Qəhrəman Rəfael Əsədovun Kiyevdə yaşayan həyat yoldaşı Valentina Qriqoryevna ilə telefon bağlantısı yaradılıb. Valentina Qriqoryevna şəhidlərin adlarını əziz tutduqlarına, xatirələrini hörmət və ehtiramla yad etdiklərinə görə tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR