Kurts: "ATƏT-ə sədrlik dövründə əsas məqsədimiz münaqişələrin həllinə yardım etməkdir"

Kurts: "ATƏT-ə sədrlik dövründə əsas məqsədimiz münaqişələrin həllinə yardım etməkdir"
# 18 yanvar 2017 12:28 (UTC +04:00)

"ATƏT-ə sədrlik dövründə əsas məqsədimiz münaqişələrin həllinə yardım etməkdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Astriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurts rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Avstriyanın ATƏT-ə sədrliyi dövründə əsas vəzifələrindən birinin ATƏT məkanındakı münaqişələrin həllinə yardım etmək olduğunu vurğulayan S. Kurts ilk növbədə Ukraynanın Şərqindəki problemə diqqət ayıracaqlarını qeyd edib: "Yanvarın 3-4-də regiona səfər etdim, oradakı vəziyyətlə tanış olmaq imkanım oldu. Qeyd etməliyəm ki, qoşunların təmas xəttində vəziyyət olduqca pisdir. Bu vəziyyətdən çoxlu sayda insan əziyyət çəkir. Dinc sakinlər həmin əraziləri tərk edirlər. ATƏT həmin regionda mövcud olmalı, dinc sakinlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etməlidir. Fikrimcə, Moskva bu məsələdə çox böyük məsuliyyət daşıyır. Moskvanın bu tapşırığı həll etmək imkanı var. Bundan başqa, ATƏT atəşkəs rejiminin bərpa olunmasına, eyni zamanda ağır texnika və silahların təmas xəttindən geri çəkilməsində kömək etməlidir.

Vacib tapşırıqlardan biri də məlum regionda humanitar vəziyyətin yaxşılaşdırılmasıdır.

ATƏT müşahidə missiyasının regionda möhkəmləndirilməsi də çox vacibdir. ATƏT müşahidə misssiyası genişləndirilməli, onların texniki imkanı gücləndirilməlidir. Onlar müşahidə missiyasını bütün sutka boyu davam etdirməlidirlər".

ATƏT sədri qarşılarına qoyduqları tapşırıqların heç də sadə olmadığını bildirib: "Ümid edirəm ki, ATƏT çərçivəsində daha çox əlaqədə olacağıq. 57 ölkənin təmsil olunduğu bir təşkilatda vahid qərar çıxarmaqla münaqişələrin həllinə böyük töhfə verəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR