Nazirlik: Rəhbər və məsul şəxslər 13 min nəfəri fərdi qaydada qəbul edib

Nazirlik: Rəhbər və məsul şəxslər 13 min nəfəri fərdi qaydada qəbul edib
# 16 mart 2018 08:22 (UTC +04:00)

2017-ci ildə və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən 13 min nəfərin fərdi qaydada qəbulu həyata keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilə məlumata görə, onlardan 1465 nəfər nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.

Hesabat dövründə əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 931 nəfər vətəndaş fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib. Təkcə son iki ay yarım dövrdə nazir tərəfindən Salyan, Abşeron və Siyəzən rayonlarında və nazirlikdə keçirilən qəbullar zamanı 160 nəfərədək şəxsin fərdi qaydada qəbulu həyata keçirilib.

Müraciətlərdə sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi, o cümlədən ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta və pensiya, əmək münasibətləri və s. sahələrin elektron infrastruktur üzərində qurulması bu sahələrdə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, həmin sahələr üzrə dövlət xidmətlərinin şəffaflaşmasına şərait yaradıb. Nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış mexanizmlər üzərində müasir və şəffaf xidmətlər şəbəkəsinin formalaşdırılması nazirliyin qəbul otağına müraciət edənlərin sayının da 3,5 dəfə azalmasına səbəb olub. Xüsusilə ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı sahələrində elektron sistemlərin tətbiqi müraciətlərin aşağı enməsinə şərait yaradıb. Bu sahələrdə müraciətlər elektron qaydada qəbul olunur və vətəndaşlara onların qeyd etdikləri əlaqə vasitələrinə cavablar da elektron formada göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR