Litva məhkəməsi “Qazprom”u 35,6 mln. avro cərimələyib

Litva məhkəməsi “Qazprom”u  35,6 mln. avro cərimələyib
# 23 dekabr 2016 04:59 (UTC +04:00)

Litvanın Baş İnzibati Məhkəməsi Rusiyanın “Qazprom” şirkətini 35,6 mln. avro cərimələyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qərarda bildirilir ki, cərimə “Qazprom”un 2004-cü il tarixli razılaşmanı pozaraq “Lietuvos energija” şirkəti ilə qaz mübadiləsinə dair müqaviləni imzalamaqdan imtina etdiyinə görə tətbiq edilib.

Beləliklə, məhkəmə Litva Rəqabət Şurasının “Qazprom” şirkətinin cərimələnməsinə dair 2014-cü ilin oktyabrında qəbul etdiyi qərarını qüvvədə saxlayıb.

Litva Rəqabət Şurası 2014-cü ilin iyununda etiraf edib ki, “Qazprom” 2013-2015-ci illərdə “Lietuvos energija” şirkəti ilə qaz mübadiləsinə dair sazişi imzalamaqdan imtina edərək, adı çəkilən şirkətin digər qaz tədarükçüləri ilə saziş imzalamasına əngəl törədib. Bununla, “Qazprom” “Lietuvos dujos” şirkətinin səhmlərinin 34 faizinin əldə edilməsinə dair Litva Rəqabət Şurasının 2004-cü il tarixli razılığının şərtlərini pozmuş olub.

Qeyd edək ki, “Qazprom”a kəsilən cərimə Litvanın tarixində tətbiq edilmiş ən böyük cərimədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR