“Sumqayıt Texnologiyalar Parkı” SOCAR və BP ilə işgüzar görüş keçirib

“Sumqayıt Texnologiyalar Parkı” SOCAR və BP ilə işgüzar görüş keçirib
# 06 mart 2018 12:49 (UTC +04:00)

Sumqayıt Texnologiyalar Parkı (STP), SOCAR və BP şirkətinin rəhbərliyi arasında işgüzar görüş keçirilib.

STP-dən “APA-Economics”ə verilən xəbərə görə, qonaqlara STP-də təhlükəsizlik tədbirləri və istehsal imkanları haqqında ümumi məlumat verilərək, bildirilib ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Qısa müddət ərzində müəssisə SOCAR-ın və BP-nin regionda həyata keçirdiyi bir çox layihələrdə uğurla iştirak etmiş və bu şirkətlərin əsas təchizatçılarından biri olub.

Daha sonra SOCAR və BP şirkətlərinin nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün Dəqiq Emal sexi, Kabel, Qaynar Sinkləmə, Ağırmaşınqayırma, Metal konstruksiya zavodlarında olub. İstehsal olunan məhsullar və avadanlıqlarla bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Yaxın zamanda STP-nin Cənubi Koreyanın “Seoul Machinery” şirkəti ilə birgə istehsal edəcəyi neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiriciləri layihəsi qonaqlarda xüsusi maraq oyadıb. Bildirilib ki, bu günlərdə Amerika Mühəndis Mexaniklr Cəmiyyəti (ASME) tərəfindən müəssisədə audit yoxlanması keçiriləcək və ASME VIII standartına uyğun akkreditasiya əldə edildikdən sonra, bu məhsulların geniş istehsalına başlanılacaq. Nəticədə, artıq neft-qaz şirkətləri təzyiq çənləri və istilik dəyişdiricilərini xaricdən idxal etməyəcək, onlar STP tərəfindən təchiz oluna bilinəcək. Həmçinin, müəssisə bu sahədə geniş istifadə olunan flyansların da istehsalına başladığını qonaqların nəzərinə çatdırılıb.

Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də cənab prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR