Təhsil üzrə hər bir kvalifikasiya reyestrdə qeydə alınacaq

Təhsil üzrə hər bir kvalifikasiya reyestrdə qeydə alınacaq
# 24 iyul 2018 08:06 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsil alanlar, təhsil verənlər və işə götürənlər üçün hazırlanıb və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir.

AzMKÇ konseptual baxımdan Avropa Ali Təhsil Məkanının Kvalifikasiyalar Çərçivəsi (AATMKÇ) və Ömürboyu təhsil üzrə Avropa Kvalifikasiyalar Çərçivəsinin (ÖTAKÇ) meyarlarına uyğun hazırlanıb. AzMKÇ-nin hazırlanmasında aşağıdakı prinsiplər əsas götürülüb:

- AzMKÇ-yə daxil edilmiş kvalifikasiyalar “Təhsil haqqında” qanunda təsbit olunmuş təhsil pillələri və səviyyələrinə uyğun müəyyənləşdirilib;

- kvalifikasiyalar təhsilalanlardan tələb olunan təlim nəticələrinin minimum səviyyəsini əks etdirməklə təsvir edilir;

- kvalifikasiyalar əmək bazarının tələblərinə və peşə standartlarına uyğun müəyyən edilir;

- ali və orta ixtisas (subbakalavr) təhsili üzrə kvalifikasiyalar Avropa Kredit Transferi və Toplanması Sisteminə (AKTTS) uyğun olan kreditlərlə uzlaşdırılır;

- bütün kvalifikasiyalar bilik, bacarıq və müstəqillik/məsuliyyət baxımından təsvir edilir və AzMKÇ-nin səviyyələri ilə əlaqələndirilir;

- bütün kvalifikasiyaların keyfiyyəti təmin olunur və keyfiyyətin təmin edilməsi bütün müvafiq prosesləri - gözlənilən təlim nəticələrinin təsvirini, hər bir şəxsin təlim nailiyyətlərinin qiymətləndirilməsini və təsdiq olunmasını özündə ehtiva edir;

- kvalifikasiyaları verən təhsil müəssisələrində (qurumlarda) təhsilin keyfiyyətinin təmin olunması “Təhsil haqqında” qanun və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə kvalifikasiyaları verən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təhsilin və elmi tədqiqatların keyfiyyətinin təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə” ilə tənzimlənir;

- AzMKÇ-nin tərkib hissəsi olan hər bir kvalifikasiya Milli Kvalifikasiyalar Reyestrində (MKR) qeydə alınır, onun milli və beynəlxalq səviyyədə tanınması təmin edilir;

- MKR-in daim yeniləşdirilməsi və internet səhifəsində yerləşdirilməsi təmin edilir.

AzMKÇ ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanıb və bura aşağıdakı kvalifikasiyalar daxildir:

- ümumi təhsil üzrə kvalifikasiyalar;

- ilk peşə-ixtisas təhsili üzrə kvalifikasiyalar;

- orta ixtisas təhsili üzrə kvalifikasiyalar (subbakalavr təhsili);

- ali təhsil üzrə kvalifikasiyalar;

- əlavə təhsil üzrə kvalifikasiyalar.

Kvalifikasiyalar “Təhsil haqqında” qanuna uyğun olaraq formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunur. AzMKÇ digər ölkələr, beynəlxalq təşkilatlar və qurumlar qarşısında heç bir öhdəlik yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR