Tiflisdə Cənubi Qafqaz və Ukraynanın gənc siyasətçilərinin IV Forumu keçirilir

Tiflisdə Cənubi Qafqaz və Ukraynanın gənc siyasətçilərinin IV Forumu keçirilir
# 30 mart 2016 13:18 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə köhnə parlament binasında Cənubi Qafqaz və Ukraynanın gənc siyasətçilərinin IV Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan Niderland Çoxpartiyalı Demokratik İnstitutunun Cənubi Qafqaz üzrə direktoru Levan Tsutskiridze bildirib ki, Forumun keçirilməsində əsas məqsəd gənc siyasətçilər arasında etimad və əməkdaşlığın qurulmasıdır:

"Düşünürəm ki, Forum çərçivəsində demokratiya ənənəsini dərinləşdirə bildik. Artıq dördüncü dəfədir ki, Niderland təşkilatı bu vacib görüşü təşkil edir və biz aktual məsələləri müzakirə edirik", - deyə o vurğulayıb.

Gürcüstan parlamentinin sədri David Usupaşvili isə çıxışı zamanı regionun gənclərinin Forum çərçivəsində bir yerə toplaşaraq vacib məsələləri müzakirə edə bilmələrini böyük nailiyyət adlandırıb: "Belə forumlar gənc siyasətçilərin müzakirə aparmaları üçün gözəl zəmin yaradır. Gənclər öhdəliklərinə bir çox məsələlərin həllini götürür, bu da millətlər üçün vacibdir".

D. Usupaşvili Gürcüstanın Avropa ilə Assosiasiya sazişini imzaladığını və bunu tarixi hadisə olduğunu bildirib: "Bəli, qarşımızda olan bir çox məsələləri həll etməliyik. Biz viza sisteminin 2-3 aydan sonra liberallaşdırılacağını və Gürcüstan vətəndaşlarının Avropaya sərbəst səyahət etmək imkanlarına malik olacağını görəcəyik".

Forumda Böyük Britaniyanın Gürcüstandakı səfiri və Niderlandın keçmiş müdafiə naziri də çıxış ediblər.

Forum bu gün və sabah panellərdə öz işinə davam edəcək. Tədbirlərdə Azərbaycanı təmsil edən gənc siyasətçilərin çıxışları da planlaşdırılır. Forumda Azərbaycanı 14 partiya üzvü təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR