Meksika Senatında Novruz tədbiri keçirilib

Meksika Senatında Novruz tədbiri keçirilib
# 30 mart 2016 08:24 (UTC +04:00)

Bakı – APA. Meksika Senatında təntənəli Novruz mərasimi keçirilib.

Azərbaycan, Qazaxıstan, Türkiyə, İran, Pakistan, Gürcüstan və İraq səfirliklərinin birgə təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə səfirliklərin diplomatik heyəti, Meksika Senatının üzvləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri və dəvət edilmiş digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, iştirakçıları salamlayan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron ölkəsinin sadiq olduğu beynəlxalq sülh və əməkdaşlığın Novruz kimi beynəlxalq mədəni dəyərlərə söykəndiyini diqqətə çatdırıb.

Sonra mərasim Meksika Senatının beynəlxalq konfrans zalında davam etdirilib. Mərasimdə çıxış edən Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu söyləyib.

Çıxış edən Türkiyə, İran, Pakistan, İraq, Qazaxıstan və Gürcüstan səfirləri Novruz bayramının dünya mədəniyyəti, beynəlxalq sülh və əməkdaşlığa töhfələri, habelə təmsil etdikləri ölkələrdə mövcud Novruz ənənələrindən bəhs ediblər.

Tədbir iştirakçı ölkələrin Novruz şənliklərini əks etdirən slayd foto şou ilə müşayiət olunub. Azərbaycan və digər iştirakçı ölkələrin milli geyimləri nümayişə çıxarılıb və milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

Tədbirin yekununda Azərbaycan xalq musiqiləri səsləndirilib, iştirakçılara xüsusi zövqlə bəzədilmiş milli bayram xonçaları hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR