Bir milyon manat oğurluqda təqsirləndirilən şikayətinə baxılacaq

Bir milyon manat oğurluqda təqsirləndirilən şikayətinə baxılacaq
# 07 may 2016 14:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Oğurluqda təqsirləndirilən 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, onun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası mayın 10-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyova hökm oxunub. Hökmə əsasən, İsmayıl Qəhrəmanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində isə bəraət hökmü çıxarılıb.

İttihama görə, Astara rayon sakini, İsmayıl Qəhrəmanov 2013-cü ildə Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulub. Onun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etdiyi məlum olub. Zərərçəkənlərin müraciəti və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla onun başqa rayonların ərazilərində də çoxsaylı mənzilləri taladığı məlum olub. Onun Binəqədi, Nərimanov, Xətai, Nizami rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb.

Araşdırmalar nəticəsində məlum olub ki, İ.Qəhrəmanovun oğurluqla qazandığı sərvət 1 milyon manat civarındadır. O, polisə verdiyi ifadəsində pulları əsasən dostları ilə qızlara xərclədiyini deyib.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərin bir neçəsinin oğurluq hadisələrində əlbir olmaları müəyyən edilsə də İ. Qəhrəmanovdan başqa digər təqsirləndirilən şəxslərin barələrində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR