Seulda Azərbaycan Film Festivalının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Seulda Azərbaycan Film Festivalının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 14:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Koreyada Azərbaycan Mədəniyyət Fondu, SEBA Assosiasiyası və Koreya Fondunun təşkilatçılığı ilə “Seulda Azərbaycan Film Festivalı”nın açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, “Mirospase” kinoteatrında keçirilən mərasimdə Koreya Fondunun vitse-prezidenti Kim Kvang Keun çıxış edərək festival iştirakçılarını salamlayıb, Azərbaycandan gələn qonaqlara xüsusi təşəkkürünü bildirib. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə sıx mədəni əməkdaşlıqdan danışan vitse-prezident Azərbaycanda da “Koreya Film Festivalı”nın böyük uğurla keçirildiyini minnətdarlıqla xatırladıb.

Sonra SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın Koreyada “Azərbaycan Film Festivalı”na təbrik məktubu oxunub. Təbrik məktubunu Assosiasiyanın sədr müavini İrina Zeynalova diqqətə çatdırıb. Məktubda qeyd olunur ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası Azərbaycanda Koreyanı təmsil və təbliğ edən yeganə qeyri-hökumət təşkilatıdır. SEBA-nın əsas məqsədi gündən-günə inkişaf edən Azərbaycan-Koreya mədəni əlaqələrinə sanballı töhfə verməkdir. Təşkilatın layihələri olan mədəniyyət və kino günləri, sərgi və konsertlər, eləcə də digər tədbirlər ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Seulda keçirilən “Azərbaycan Film Festivalı” da bu baxımdan daha bir mükəmməl nümunədir.

Məktubda 2005-ci ildə Azərbaycan Mədəniyyət Fondu, SEBA Assosiasiyası və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda “Koreya Kino günləri”, 2015-ci ildə isə “Koreya Film Festivalı” keçirildiyi də diqqətə çatdırılır. Bildirilir ki, bu tədbirlər çərçivəsində, ümumilikdə Azərbaycanda 14 Koreya filmi nümayiş etdirilib. Bu isə minlərlə tamaşaçıya Koreya kinematoqrafiyasının dəyərli ekran əsərləri ilə yanaşı, Koreya xalqının qədim tarixi, mədəniyyəti, adət-ənənələri, məişəti ilə də tanışlıq imkanı qazandırıb. SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın təbrik məktubunda, həmçinin festivalın mədəni əlaqələrimizin tarixində yeni mərhələ olacağına inam ifadə olunur, onun işinə uğurlar arzulanıb.

Sonra açılış mərasimində tanınmış aktyor, xalq artisti Rasim Balayev çıxış edərək festivalın əhəmiyyətindən bəhs edib, onun təşkilini yüksək qiymətləndirib, gələcəkdə birgə Azərbaycan-Koreya filmi çəkmək arzusunu dilə gətirib. Rejissor İlqar Nəcəf isə festivalın təşkilatçılarına minnətdarlıq edib, kino mədəniyyətinin inkişafı və təbliğində bu cür festivalların mühüm rol oynadığını bildirib.

Tədbirdə rejissor İlqar Nəcəfin “Buta” filmi nümayiş etdirilib.

Ümumilikdə, “Seulda Azərbaycan Fimləri Festivalı”nda “Buta” da daxil olmaqla 6 film – Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan “Arşın mal alan” (rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko), “Axınla aşağı” (rejissor Asif Rüstəmov), “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev), “Aktrisa” (rejissor Rövşən İsax), “Girov” (rejissor Eldar Quliyev) filmləri koreyalı sənətsevərlərə təqdim olunacaq.

Qeyd edək ki, Festivalın ilk günündə qonaqlara kinorejissor Ayaz Salayevin məşhur “Yarasa” filminin diskləri də paylanılıb.

Festivalın açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Əməkdar İncəsənət xadimi Ayaz Salayev də iştirak ediblər.

Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə keçirilən festival oktyabrın 18-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR