Tiflisdə "Ana dilinin tədrisi və onun qorunması" adlı tədbir keçirilib

Tiflisdə "Ana dilinin tədrisi və onun qorunması" adlı tədbir keçirilib
# 20 fevral 2016 21:33 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdə Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin və Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana dili Gününə həsr olunan "Ana dilinin tədrisi və onun qorunması" adlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili çıxış edib. Nazir çıxış edərək Beynəlxalq Ana dili münasibəti ilə azərbaycandilli məktəb müəllimlərini və erməni dilində dərs deyən müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb: "Mən Beynəlxalq Ana dili Günü münasibəti ilə Ana dili və ədəbiyyatını tədris edən müəllimləri təbrik edirəm. Biz bu gün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli və digər etnik azlıqların dilində fəaliyyət göstərən məktəblərdə çalışan müəllimləri bu əlamətdar gün münasibəti ilə tədbirimizə dəvət etmişik. Mən Beynəlxalq Ana dili Günü münasibəti müəllimləri təbrik edirəm. Bu ənənə gələcəkdə də davam edəcək. Qeyd etmək istəyirəm ki, hazırda gürcü dilini öyrədilməsi çərçivəsində hər bir Gürcüstan vətəndaşı öz doğma ana dilini də dərindən bilməli və onu unutmamalıdır", - deyə dövlət naziri bildirib.

Nazir tədbirin Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə "Azərbaycan dili və Ədəbiyyatı" müəllimlərinə və erməni dilli məktəblərdə "Erməni dili və ədəbiyyatı" fənnini tədris edən müəllimlərə dəstək vermək məqsədi ilə keçirildiyini bildirib.

Görüşdə Gürcüstanın baş nazirinin məsləhətçisi Savalan Mirzəyev, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin birinci müavini Ketevan Tsixelaşvili, təhsil və elm nazirinin müavini Liya Qiqauri, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı, Marneuli rayon təhsil resursları mərkəzinin rəhbəri Ruslan Hacıyev, Kvemo Kartli və Cavaxetiya bölgəsində fəaliyyət göstərən azərbaycandilli və həmçinin ermənidilli məktəblərdə çalışan müəllimlər iştirak ediblər.

Görüşdə 50 nəfər müəllimə Beynəlxalq Ana dili Günü münasibəti ilə Ana dilinin tədrisi və onun qorunmasında fərqləndiklərinə görə, diplom və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR