Proqnoz: Möhtəkirlər nefti kəskin ucuzlaşdıra bilər

Proqnoz: Möhtəkirlər nefti kəskin ucuzlaşdıra bilər
# 11 iyul 2016 11:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Birjalarda möhtəkirlər yenə iş başındadır. Hazırkı tendensiya onu göstərir ki, spekulyantlar neftin ucuzlaşması ətrafında oyun qurub. İndiki vəziyyətdə bunu etmək (möhtəkirlər üçün) daha sərfəlidir. Çünki hər kəs neftin bahalaşacağını gözləyir.

Statistikada təsdiqini tapmış nəzəriyyəni diqqətinizə çatdıraq: iyulun 5-dək həftə ərzində hec fondlar neft fyuçerslərində təxminən 10 mln. qısa mövqe açıb, bununla da "şort"ların (birjada buna "short position" deyilir) həcmi martdan etibarən maksimum həddə çatıb və 120 mln. barrelə ekvivalent olub. Fyuçerslərdə xalis mövqeyin uzun olmasına baxmayaraq, bir daha qeyd edirik ki, birjalardakı iri oyunçular neftin ucuzlaşdırmaq niyyətindədir. Qısa xatırlatma: ilin əvvəlində neftin qiymətləri sürətlə dibə tərəf istiqamət alanda olduqca çoxlu sayda qısa mövqe müşahidə olunurdu ki, nəticədə onların bağlanması nefti bahalaşdırdı. Hazırda isə biz bunun əskini müşahidə edirik. Fundamental olaraq neftin ucuzlaşması üçün hər şey hazırdır: Kanadada hasilat bərpa olunub, digər regionlarda neft nəqlindəki problemlər aradan qaldırılıb, Səudiyyə Ərəbistanı hasilatı artırır, Çin iri neft emalı zavodunu təmirə bağladığı üçün idxalı azaldır və s. Neftin ucuzlaşmasına rəvac verən əsas amillərdən biri isə ABŞ-da şist neft hasilatının aktivləşməsidir. Bundan başqa, ABŞ-da neft buruqlarının sayı 10 ədəd artıb.

Hazırda ABŞ-da neft hasilatının aşağı səviyyədə olması da bir növ yaxın gələcəkdə istehsalın artmasına işarədir. ABŞ-da neft hasilatı ilə bağlı daha bir maraqlı faktı nəzərdən qaçırmaq olmaz. Ötən həftə ştatlarda hasilatın azalmasına səbəb Alyaskada hasilatın 30% azalması ilə əlaqədardır ki, bu da mövsümi xarakter daşıyır.

Aydındır ki, yaxın gələcəkdə ABŞ-da hasilat artacaq və möhtəkirlər arzularına çatacaq. Təbii ki, bazarın xırda iştirakçıları nə baş verdiyindən xəbərsiz olacaq. Gözləniləndir ki, nüfuzlu Qərb nəşrləri ABŞ-da hasilatın artımına işarə edən silsilə məqalələr həsr edəcək və kütlə üçün lazım olan informasiya görüntüsü yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR