Moskvada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası təqdim olunub

Moskvada “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası təqdim olunub
# 24 dekabr 2015 14:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Moskvanın “Xarici ölkələr ədəbiyyatı” kitabxanasında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyasının təqdimat mərasimi keçirilib.

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva açaraq, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, ölkələr və xalqlararası anlaşmada oynadığı rolundan danışıb. Mərkəzin direktoru Afaq Məsud bildirib ki, ikicildlik atologiya milli ədəbiyyatımız tarixində ilk hadisədir: “İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaqdır. Üzümüzə gələn il antologiyanın ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir”.

Moskva Yazıçılar Birliyinin sədr müavini, yazıçı Valeri İvanov Taqanski cıxış edərək, ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb.

Tədbirin bədii hissəsində Moskva “Bolşoy teatrı”nın solisti Fyodor Tarasov, Moskvanın “Katyuşa” Estetika Mərkəzinin uşaq xoru, Rusiyanın əməkdar artisti Qalina Ulyotova və Dmitri Malçevin ifasında antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.

Tədbirin sonunda Afaq Məsuda həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının diplomu və mantiyası təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR