Azərbaycan dünyanın ən yaxşı idman ölkələri siyahısında 37-ci yerdədir

Azərbaycan dünyanın ən yaxşı idman ölkələri siyahısında  37-ci yerdədir
# 22 yanvar 2016 08:12 (UTC +04:00)

Bakı – APA. “Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, həmçinin I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdədi. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədi.

Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyur.

İlk “üçlük”də Rusiyanı müvafiq olaraq, Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədi.

Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdi. İlk “beşlik”də Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridi. Paytaxtımız Los-Anceles, Nanjinq, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndədi.

Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sank-Peterburq və Almatıdan sonra 6-cı yerdədi. İstanbul isə ümumi siyahıda 6-cıdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR