Azərbayсanda qaçqınlara əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır

Azərbayсanda qaçqınlara əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır
# 09 avqust 2016 15:18 (UTC +04:00)

Bakı-APA. Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Furio De Angelisi qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Nəbiyev BMT QAK rəsmisini yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında məlumat verib.

Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq insanın 20 ildən çox müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini diqqətə çatdırıb. F. Nəbiyev BMT QAK-la əməkdaşlığın müxtəlif aspektlərinə toxunub, Azərbaycanda olan qaçqınların, eləcə də qaçqın statusu almaq üçün müraciət edən şəxslərin hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, həmçinin qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən birgə tədbirlər barədə danışıb. Eyni zamanda bu tədbirlərin məntiqi sonluğu kimi əlavə himayənin tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlandığını diqqətə çatdırılıb. Vətəndaşsızlıq hallarının azaldılması istiqamətində də Dövlət Miqrasiya Xidmətinin BMT QAK-la əməkdaşlıq etdiyini bildirən F. Nəbiyev həyata keçirilən tədbirlər nəticəsində ölkədə sənədsiz yaşayan şəxslərin sayının əhəmiyyətli dərəcədə azaldığını bildirib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri isə Dövlət Miqrasiya Xidmətinin təmsil etdiyi qurumun əsas tərəfdaşlarından biri olduğunu və əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. O, əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR