Mehriban Əliyeva Bakıda yeni təmir edilmiş uşaq evində olub

Mehriban Əliyeva Bakıda yeni təmir edilmiş uşaq evində olub
# 04 oktyabr 2016 15:29 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, M. Əliyeva müəssisənin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi – uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.

Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan şəraitlə tanış olub. Müəssisədə kimsəsiz və valideyn himayəsindən məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18 yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq, xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.

Otaqları gəzən M. Əliyeva uşaq evinin sakinləri ilə söhbət edib, onların qayğıları və arzuları ilə maraqlanıb.

Söhbət zamanı uşaq evinin sakini Sənan Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla görüşlərindən birini xatırlayıb. Bildirib ki, həmin görüş zamanı Leyla Əliyeva uşaqların istək və arzuları ilə maraqlanıb. Sənan isə ciddi göz xəstəliyindən əziyyət çəkdiyini deyərək, ən böyük arzusunun səhhətindəki bu problemin həll edilməsi olduğunu söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidentinin dəstəyi ilə Sənan uğurla əməliyyat olunub və hazırda onun görmə qabiliyyəti ilə yaşanan çətinliklər həll edilib. S. Məmmədov ən böyük arzusuna çatdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Uşaq evinin sakinləri M. Əliyevanın əhatəsinə toplaşıblar, ən böyük dost saydıqları Azərbaycanın birinci xanımına bacarıqlarını nümayiş etdiriblər, şeir söyləyiblər, birgə foto çəkdiriblər.

Uşaq evində yaradılan şəraitdən razı qalan M. Əliyeva müəssisənin kollektivinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR