Rəsmi Moskva Cənubi Osetiyanın Rusiyaya birləşmək istəməsi barədə xəbərlərə münasibət bildirib

Rəsmi Moskva Cənubi Osetiyanın Rusiyaya birləşmək istəməsi barədə xəbərlərə münasibət bildirib
# 20 oktyabr 2015 14:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyır və bu dövlətlə diplomatik münasibətlərə malikdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tanınmamış “Cənubi Osetiya Respublikası”nın “prezidenti” Leonid Tibilovun Cənubi Osetiyanın Rusiyanın tərkibinə keçməsi ilə bağlı referendum keçirilməsinin vacibliyi haqqında bəyanatını şərh edərkən bildirib.

“Cənubi Osetiya Rusiya Federasiyası tərəfindən tanınan müstəqil dövlətdir, bizim diplomatik əlaqələrimiz var. Əslində Rusiya prezidentinin köməkçisi Vladimir Surkovun Tibilovla görüşündə belə bəyanat verilməyib. Cənubi Osetiyada Rusiyaya inteqrasiyanın çoxlu tərəfdarları var. Bu, çoxdan məlumdur. Bizim anladığımıza görə, yoldaş Tibilov məhz bu barədə danışıb”.

Qeyd edək ki, oktyabrın 19-da Cənubi Osetiya “prezident”inin mətbuat xidməti Leonid Tibilovun Rusiya prezidentinin köməkçisi Vladimir Surkovla görüşdə Cənubi Osetiyanın Rusiyaya birləşməsi üçün referendum keçirilməsinin vacibliyini vurğulaması haqda məlumat yayıb. “Bugünkü siyasi reallıq elədir ki, biz tarixi seçimimizi etməliyik. Uzun əsrlər bizim respublikanın, xalqımızın təhlükəsizliyini təmin edən qardaş Rusiyaya yenidən birləşməliyik” - deyə mətbuat xidməti L. Tibilovun adından bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR