Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizələrin onlayn qəbul qaydaları dəyişib

Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizələrin onlayn qəbul qaydaları dəyişib
# 01 fevral 2016 08:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyası “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu haqqında inzibati reqlament”də dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliklər sorğunun formalaşdırılması və elektron xidmətin göstərilməsi üzrə mübahisələrlə əlaqədardır.

İndiyə qədər sorğunun formalaşdırılması zamanı namizəd xidmətin təqdim edildiyi elektron ünvana keçib özünə məxsus “Sənəd qəbulu üçün TQDK-nın ödəmə kartı”nın üzərindəki iş nömrəsi və şifri müvafiq sahələrə daxil edib və sistemə ilk dəfə daxil olan zaman şəxsiyyət vəsiqəsinin nömrəsini və PİN kodunu proqramda müvafiq sahələrə daxil edib. Namizədin elektron ərizəsi səhifəsində tələb olunan məlumatları daxil edir, özünə məxsus elektron imzadan istifadə etməklə (magistratura və rezidentura səviyyələrinə ərizə qəbulunda) və ya proqramın müvafiq göstərişi olduqda ərizəni özü təsdiq edib, əks halda müvafiq Sənəd Qəbulu Komissiyasına müraciət etməklə, elektron ərizəni təsdiqlədib. Dəyişikliyə əsasən bundan sonra namizəd (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizədlər istisna olmaqla) xidmətin təqdim edildiyi elektron ünvana keçib özünə məxsus “Sənəd qəbulu üçün TQDK-nın ödəmə kartı”nın üzərindəki iş nömrəsi və şifri proqramda müvafiq sahələrə daxil edəcək.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizəd isə sistemdə qeydiyyatdan keçdikdən sonra əldə etdiyi iş nömrəsini və şifri proqramda müvafiq sahələrə daxil edəcək. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizəd sistemə ilk dəfə daxil olan zaman sistemdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin nömrəsini və FİN proqramda müvafiq sahələrə daxil edib təsdiqedici düyməni basacaq. Proqram müvafiq yoxlamalar apardıqdan sonra namizədə verilən iş nömrəsi və şifr onun ekranına ötürəcək. Növbəti prosedurda isə dəyişiklik yoxdur. Yəni yenə də namizədin elektron ərizəsi səhifəsində tələb olunan məlumatları daxil edir, özünə məxsus elektron imzadan istifadə etməklə (magistratura və rezidentura səviyyələrinə ərizə qəbulunda) və ya proqramın müvafiq göstərişi olduqda ərizəni özü təsdiq edir, əks halda müvafiq Sənəd Qəbulu Komissiyasına müraciət etməklə elektron ərizəni təsdiqlədir.

Elektron xidmətin göstərilməsi üzrə mübahisələrə gəlincə, indiyə qədər istifadəçinin dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərdi. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiyaya namizədin şəxsiyyət vəsiqəsi, iş nömrəsi və şifrə daxil idi. Şikayətin baxılma müddəti isə 3 gün müəyyənləşdirilmişdi. Dəyişikliyə əsasən isə bundan sonra istifadəçi elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” qanuna uyğun olmalıdır. Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” qanuna əsasən 1 ay müddətinə baxılacaq. Məhkəməyə verilən şikayətə İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR