Bakıda saxta pul hazırlayan nigeriyalılar Ali Məhkəməyə müraciət ediblər

Bakıda saxta pul hazırlayan nigeriyalılar Ali Məhkəməyə müraciət ediblər
# 09 aprel 2016 08:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlamaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Onlar məhkəmənin ilkin baxış iclasından kassasiya şikayəti verdiklərini deyiblər. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin vəkilləri prosesin qismən istintaqla aparılması barədə vəsatət veriblər. Məhkəmə vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Həmin qərardan vəkillər Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Keçən il aprel ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar. Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR